...

BVF Azərbaycana çevik məzənnə siyasətinə keçid üçün statistik məlumatları ətraflı hazırlamağı tövsiyə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2013 20:13 (UTC +04:00)
Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının nümayəndələrini qəbul edib.
BVF Azərbaycana çevik məzənnə siyasətinə keçid üçün  statistik məlumatları ətraflı hazırlamağı tövsiyə edir

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir A.Axundov/

Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının nümayəndələrini qəbul edib.

Trend-in DSK-ya istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanda MHS üzrə Son Texniki Yardım missiyasının tövsiyələri və inflyasiyaya baxış mövzusunda fikir mübadiləsi aparılıb.

Görüşdə qeyri-neft sektorunda ÜDM-in səviyyəsi, ÜDM-in xərclər əsasında hesablanılması metodologiyası, dövlət investisiyalarının həcmi barəsində və müxtəlif istiqamətlərdə BVF ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə toxunulub.

Arif Vəliyev Son Texniki Yardım missiyasının ekspertlərinin hesabatı ilə tanış olduğunu və hesabatda olan təkliflərin növbəti kollegiyaların birində müzakirə olunacağını qonaqların nəzərinə çatdırıb. Komitə sədri rəhbərlik etdiyi dövlət qurumu tərəfindən indekslərlə əlaqəli bütün səviyyələrdə məlumatların, eləcə də orta qiymətlərə dair məlumatların hər ay Mərkəzi Banka təqdim edildiyini və Komitə tərəfindən hesablanan indeks göstəricilərinin reallığı tam əks etdirdiyini və hesablamaların aparılması metodologiyası haqqında istənilən dövlət və qeyri-dövlət təşkilatlar ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi daha çevik məzənnə siyasətinə keçirilməsi ilə bağlı hazırda Mərkəzi Bankla apardıqları əməkdaşlıqdan bəhs edərək, bunun üçün ümumi indeks göstəricilərinə deyil, daha alt səviyyələrdə məlumatlara ehtiyac yarandığını qeyd edib, eləcə də, bazar iştirakçılarında və digər məlumat istifadəçilərində inamın formalaşdırılması üçün qarşılıqlı əməkdaşlığın bir vasitə olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti