...

Yaponiya Azərbaycana yeni qrant ayırdı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2013 15:36 (UTC +04:00)
Yaponiya hökuməti Azərbaycana meliorasiya və irriqasiya avadanlıqlarının təkmilləşdirilməsi üçün 777 milyon yen və ya 7,45 milyon ABŞ dolları məbləğində qrant ayırıb.
Yaponiya Azərbaycana yeni qrant ayırdı (FOTO)

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir A.Axundov/

Yaponiya hökuməti Azərbaycana meliorasiya və irriqasiya avadanlıqlarının təkmilləşdirilməsi üçün 777 milyon yen və ya 7,45 milyon ABŞ dolları məbləğində qrant ayırıb. Trend-in məlumatına görə, qrant sazişi bu gün Bakıda imzalanıb.

Müvafiq sənədləri Yaponiyanın fövqalədə və səlahiyyətli səfiri Şusuke Vatanabe, Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov, həmçinin Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) Özbəkistandakı nümayəndəliyinin rəhbəri Masao Şikano və "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə imzalayıblar.

Vəsaitlər Yaponiya hökumətinin "Ümumi qrant yardımı proqramı" çərçivəsində ayrılacaq. Qrant vəsaitinə meliorasiya və irriqasiya üçün 30 ədəd ekskavator, buldozer və digər avadanlıqlar alınacaq.

Baş nazirin müavininin sözlərinə görə, bu layihə Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafı üçün vacibdir.

"Bu, Yaponiya hökuməti tərəfindən aqrar sənaye kompleksinin inkişafına ayrılan ikinci qrantdır. Yaponiya tərəfindən Azərbaycana meliorasiya sahəsində ilk qrant 2004-cü ildə ayrılıb. Bu çox vacib layihədir, çünki bizə bölgələrdə kanalların təmizlənməsi, torpaqların şoranlaşmasının qarşısının alınması və s. üçün texnika lazımdır. Nəticədə bütün bu tədbirlər məhsuldarlığın və istehsalın həcminin artmasına gətirib çıxaracaq", - Şərifov bildirib.

Onun sözlərinə görə, JICA-nın digər beynəlxalq maliyyə institutları və donor strukturlarından əsas fərqi ondan ibarətdir ki, təşkilat yalnız vəsaitin ayrılması ilə kifayətlənmir, onun mütəxəssisləri müntəzəm şəkildə vəsaitlərin necə və nə dərəcədə səmərəli xərclənməsinə nəzarət edirlər.

"Yaponiya hökuməti Azərbaycanı minlərlə kənd təsərrüfatı texnikası ilə təmin edib, bizə ən çətin vaxtlarda - müstəqilliyimizin ilk illərində kömək edib", - Şərifov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti