...

Elman Rüstəmov: Azərbaycan iqtisadiyyatı 2013-cü ilin ötən dövründə də dinamika, stabillik və dayanıqlıq nümayiş etdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2013 19:50 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatı 2013-cü ilin ötən dövründə də dinamika, stabillik və dayanıqlıq nümayiş etdirib.
Elman Rüstəmov: Azərbaycan iqtisadiyyatı 2013-cü ilin ötən dövründə də dinamika, stabillik və dayanıqlıq nümayiş etdirib

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Azərbaycan iqtisadiyyatı 2013-cü ilin ötən dövründə də dinamika, stabillik və dayanıqlıq nümayiş etdirib. Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

O, qeyd edib ki, Mərkəzi Bankın fəaliyyət sferası üzrə 2013-cü ilin 9 ayında mühüm uğurlar əldə edilib. Mərkəzi Bank 2013-cü ildə öz siyasətini birrəqəmli inflyasiya, məzənnənin sabitliyi, maliyyə sabitliyi və maliyyə vasitəçiliyinin dərinləşdirilməsi kimi hədəflərə yönəldib və hesabat dövründə qarşıda qoyulan məqsədlərə nail olunub. 2013-cü ilin 9 ayında pul siyasəti iqtisadiyyatın artım dinamikası və inflyasiya gözləntiləri nəzərə alınmaqla həyata keçirilib, nəticədə makroiqtisadi sabitlik qorunub, qiymət sabitliyi təmin edilib, manatın məzənnəsi sabit qalıb:

"Hesabat dövründə aparılan təhlillər göstərib ki, manat bu gün regionun ən sabit və etibarlı valyutasıdır. Sərhədyanı ticarətdə fəal istifadə edilən milli valyutamız olan manata artıq bir sıra aparıcı mərkəzi banklar ehtiyat valyutası kimi öz maraqlarını göstərirlər".

E.Rüstəmov onu da deyib ki, hesabat dövründə ölkədə qiymət sabitliyi təmin edilib, 9 ayda orta illik inflyasiya cəmi 2,3 faiz təşkil edib. Əhali gəlirlərinin artım tempi inflyasiya tempini üstələyib, nəticədə real gəlirlər 5 faizdən çox yüksəlib. İlin əvvəlindən bəri ölkənin əsas xarici ticarət tərəfdaşı olan ölkələrdə orta çəkili inflyasiya Azərbaycandakı inflyasiyadan 2,8 faiz bəndi yüksək olub. Qiymət sabitliyinin ilin sonunadək qorunacağı gözlənilir. Bununla yanaşı, manatın sabitliyinin qorunması istiqamətində də tədbirlər görülüb. Məzənnənin kəskin möhkəmlənməsinin qarşısını almaq üçün Mərkəzi Bank tərəfindən 9 ayda 1,7 milyard dollar həcmində valyuta sterilizasiyası həyata keçirilib:

"Yanvar-sentyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 13 faiz artıb və 13,3 milyard dollara çatıb. Bu dövrdə ölkədə bank sisteminin inkişafı və maliyyə dayanıqlığı istiqamətində də tədbirlər həyata keçirilib. 2013-cü ilin 9 ayında Mərkəzi Bank bank sisteminə etimadın qorunması, sektorun maliyyə dayanıqlığının artırılması istiqamətində tədbirləri davam etdirib, risk əsaslı yeni nəzarət çərçivəsinin formalaşdırılması üzrə səylər gücləndirilib".

Hesabat dövründə bank aktivlərinin keyfiyyətinin, likvidlik və gəlirlilik göstəricilərinin yaxşılaşması müşahidə olunub, bank sektoru üzrə kapital adekvatlığı yüksək səviyyədə qalıb.

Mərkəzi Bankın İdarə Heyətinin sədri onu da vurğulayıb ki, hesabat dövründə maliyyə vasitəçiliyi daha da genişlənib. İlkin statistikaya görə bank aktivləri 14 faiz, kredit qoyuluşları isə 17 faizdən çox artıb. Kreditlər ev təsərrüfatlarına 30 faiz, kənd təsərrüfatı və emala 30 faiz, nəqliyyat və rabitəyə 12 faiz artıb. Əhalinin əmanətləri ilin əvvəlinə nəzərən təxminən 20 faiz artaraq 6,1 milyard manata çatıb və sektorun kapital mövqeyi qənaətbəxşdir. 2013-cü ilin 9 ayında məcmu kapital 19 faizdən çox artıb, kapital adekvatlığı göstəricisi 12 faizlik normaya qarşı 17 faiz təşkil edir. Bank sistemi üzrə maliyyə nəticələri yaxşılaşıb.

Qeyd olunub ki, bank sistemi üzrə xalis mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artıb. İlin əvvəlindən kreditlər və depozitlər üzrə orta faiz dərəcələrində azalma prosesi davam edib.

Çıxışında ipoteka kreditlərinin verilməsindən danışan E.Rüstəmov bildirib ki, cari ilin 9 ayında Azərbaycan İpoteka Fondu vasitəsilə kredit təşkilatları tərəfindən 2000-dən çox şəxsə ümumilikdə 80 milyon manat məbləğində ipoteka krediti ayrılıb. Fondun kredit portfeli 500 milyon manata, ipoteka krediti alanların sayı isə 13 min nəfərə çatıb. Dövr ərzində güzəştli ipotekaya çıxış imkanları genişləndirilib, "Elektron ipoteka" sistemi yaradılıb. Maliyyə sektorunun regional əhatə dairəsinin genişlənməsi davam edib, 33 yeni bank filialı və 5 yeni bank şöbəsi açılıb.

E.Rüstəmov ödəniş infrastrukturunun inkişafından danışarkən dedi ki, hesabat dövründə ödəniş sistemlərinin sabitliyi və təkmilləşdirilməsi Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən biri olub. 2013-cü ilin 9 ayında Milli Ödəniş Sistemi vasitəsilə ödənişlərin həcmi 90 milyard manata çataraq ümumi daxili məhsulu 2,3 dəfə üstələyib. Kart infrastrukturunun inkişafı davam etdirilib, ödəniş kartlarının sayı 5,3 milyon ədədə, bankomatların sayı 2,4 minə, POS-terminalların sayı isə 36 minə çatdırılıb:

"Mərkəzi Bankın beynəlxalq əlaqələri genişlənib, beynəlxalq təcrübə mübadiləsinin aparılması ilə bağlı əməkdaşlıq artırılıb. Bununla da bank və maliyyə sektorunda uzunmüddətli inkişafın təmin olunması istiqamətində təsirli tədbirlər görülüb və bu sahədə işlər qarşıdakı dövrdə də davam etdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti