...

Sevinc Həsənova: Azərbaycanda 2014-cü ildə sosial-iqtisadi inkişaf proqnozlarının reallaşdırılması üçün əsas qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2013 14:37 (UTC +04:00)
Azərbaycanda 2014-cü ildə və sonrakı üç ildə sosial-iqtisadi inkişaf proqnozlarının uğurla reallaşdırılması üçün kifayət qədər əsaslar qoyulub.
Sevinc Həsənova: Azərbaycanda 2014-cü ildə sosial-iqtisadi inkişaf proqnozlarının reallaşdırılması üçün əsas qoyulub

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycanda 2014-cü ildə və sonrakı üç ildə sosial-iqtisadi inkişaf proqnozlarının uğurla reallaşdırılması üçün kifayət qədər əsaslar qoyulub. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Milli Məclisdə büdcə zərfinin müzakirəsi zamanı iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib.

Büdcə zərfinə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanmış 2014-2017-ci illər üzrə sosial-iqtisadi inkişaf proqnozları da daxildir.

S.Həsənova deyib ki, bu əsaslar barədə danışarkən, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyətini, eləcə də Azərbaycan İnvestisya Şirkətinin yaradılmasını qeyd etməmək olmaz: "Bundan başqa, Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya-Sənaye Parkı, Gəncə Poladtökmə Kompleksi, Balaxanı Sənaye Parkı və digər infrastruktur obyektlər kimi mühüm və iri layihələr həyata keçirilir ki, onlar artıq milli iqtisadiyyatın inkişafına öz töhfələrini veriblər. Sumqayıt Kimya-Sənaye Parkı ilə bağlı artıq tərəfimizdən 20-yə yaxın investisiya təklifi alınıb, eləcə də iki müəssisəyə müvafiq şəhadətnamə verilib".

Bundan başqa, nazir müavini proqnozlarda əks olunan konkret göstəricilər barədə deputatları məlumatlandırıb: "2014-cü ildə ölkədə ÜDM-in 5,2 faizi səviyyəsində real artımı gözlənilir. 2015-ci ildə ölkənin ÜDM-inin artımı 59,4 milyard manat (artım 5,8 faiz), 2016-cı ildə 63,1 milyard manat (artım 4,8 faiz) səviyyəsində proqnozlaşdırılır, 2017-ci ildə isə ölkənin ÜDM-i altı faiz artımla 67,3 milyard manata çatacaq. 2014-2017-ci illərdə ölkə ÜDM-də neft sektorunun payı müvafiq olaraq 38,5 faizdən 27,6 faizə düşəcək. 2015-ci ildə bu göstərici 32 faiz, 2016-cı ildə 29 faiz təşkil edəcək. ÜDM-də iqtisadiyyatın qeyri-neft sektorunun xüsusi çəkisi 2014-cü ildəki 61,5 faizdən 2017-ci ildə 72,4 faiz təşkil edəcək. Gözlənildiyinə görə, 2015-ci ildə ÜDM-də qeyri-neft sektorunun payı 68 faiz, 2016-cı ildə isə 71 faiz təşkil edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti