Azərbaycan, Bakı, 31 dekabr /Trend, müxbir E.Əliyev/
Faiz dərəcələrinin azalmasının stimullaşdırılması məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) şaxələnməni dəstəkləyən və qabaqcıl standartlara uyğun yeni kreditləşmə alətlərinin inkişaf etdirilməsini nəzərdə tutur. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Bəyanatda deyilir ki, faiz dərəcələrində azalmanın davam etməsi üçün maliyyə resurslarının maya dəyərinə təsir göstərən amillər üzrə zəruri tədbirlər görüləcək: "Bank sistemində rəqabətin təşviqinin davam etdirilməsi, banklarda əməliyyat idarəetməsinin səmərəliliyinin yüksəldilməsi, maliyyə bazarlarının digər seqmentlərinin inkişafı, əhalinin və iqtisadi subyektlərin bank sekoruna yönələn resurslarının həcminin artırılması istiqamətində tədbirlər davam etdiriləcək".
AMB-nin bəyanatına əsasən, bütün bu tədbirlər bank sektorunda resurs bazasının genişlənməsinə və onların effektiv istifadəsi əsasında kredit faizlərinin azalması üçün iqtisadi və maliyyə şəraitinin gücləndirilməsinə yönəlib: "Bundan başqa, faiz dərəcələrinin azaldılması və izafi likvid resursların banklar arasında yenidən paylanması məqsədilə banklararası bazar infrastrukturunun təkmilləşdirilməsi üçün yeni mexanizm formalaşdırılacaq".
Növbəti ildə də regionların maliyyə resurslarına çıxış imkanlarını artırmaq üçün maliyyə institutlarının regional şəbəkəsinin, o cümlədən qeyri-bank kredit institutlarının və mikromaliyyələşmə təşkilatlarının fəaliyyətinin genişləndirilməsi təşviq olunacaq.
Qeyd edək ki, 2013-cü ilin yanvar-noyabr aylarında ölkə banklarının aktivləri 22 faiz, sektorun kredit portfeli isə 25 faiz artıb. Regionlara ayrılmış kreditlərin həcmi 31 faiz artıb. Hesabat dövründə özəl sektorun kreditləşməsi 25 faiz çoxalıb.