...

EFSE "AccessBank"a biznesin uzunmüddətli maliyyələşdirilməsi üçün kredit ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2014 15:49 (UTC +04:00)
Cənub-Şərqi Avropa ölkələri üzrə Avropa Fondu (EFSE) "AccessBank"a (Azərbaycan) 15 milyon ABŞ dolları məbləğində kredit ayırıb.
EFSE "AccessBank"a biznesin uzunmüddətli maliyyələşdirilməsi üçün kredit ayırıb

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Cənub-Şərqi Avropa ölkələri üzrə Avropa Fondu (EFSE) "AccessBank"a (Azərbaycan) 15 milyon ABŞ dolları məbləğində kredit ayırıb.

Bankdan Trend-ə verilən məlumata görə, ayrılan kredit kənd ərazilərində mikro və kiçik sahibkarlığın uzunmüddətli maliyyələşdirilməsinə dəstək verəcək. Yeni kredit "AccessBank"a 7 mindən çox mikrokredit verməyə imkan yaradacaq.

Azərbaycanın mikromaliyyələşdirmə sahəsinin lideri olan "AccessBank" kənd təsərrüfatı sektorunun dəstəklənməsinə diqqət ayırır. Geniş filial şəbəkəsinə və təcrübəli işçi heyətinə malik bank 140 mindən artıq müştəriyə xidmət göstərir.

EFSE İdarə Heyətinin sədri Monika Bek bildirib: "Biz yeni kredit verməklə, "AccessBank"la uğurlu əməkdaşlığımızı davam etdirməkdən məmnunluq duyuruq. "AccessBank" mikromaliyyələşdirmə sahəsində aparıcı mövqe tutmaqla və kənd təsərrüfatının maliyyələşdirilməsinə xüsusi diqqət yetirməklə, Azərbaycanın kənd ərazilərində EFSE-nin məqsədli qruplarının təmin olunmasında Avropa fonduna dəstək olur".

"AccessBank"ın baş meneceri Mixael Hoffmann müqavilənin imzalanmasını şərh edərək deyib: "Biz "AccessBank"ın əsas tərəfdaşı qismində çıxış edən Cənub-Şərqi Avropa ölkələri üzrə Avropa Fondunun dəstəyini yüksək qiymətləndiririk. EFSE tərəfindən verilən kredit ölkənin əksər regionlarında fəaliyyət göstərən geniş filial şəbəkəmiz olan kənd ərazilərində mikro və KOB müəssisələrinin kreditləşdirilməsi üzrə bankın fəaliyyətinin genişləndirilməsinə böyük töhfə verəcək".

Cənub-Şərqi Avropa ölkələri üzrə Avropa Fondu Almaniyanın Federal İqtisadi Əməkdaşlıq Nazirliyinin (BMZ) və Avropa Komissiyasının maliyyə dəstəyi ilə KfW İnkişaf Bankı tərəfindən yaradılıb.

Fondun məqsədi Cənub-Şərqi Avropa və Cənubi Qafqaz regionu ölkələrində iqtisadi inkişafa və tərəqqiyə təkan verməkdən ibarətdir. Maliyyə vəsaitləri mikro, kiçik və orta müəssisələrin uğurlu inkişafı üçün ən vacib şərt olduğundan, EFSE əsas fəaliyyətini yerli maliyyə sektorlarına yönəldir. Bununla da onların sabit maliyyələşdirmə imkanlarına dəstək olur. İnvestisiya fəaliyyətinin dəstəklənməsi EFSE-nin əsas inkişaf vasitəsi hesab olunur. Fond tərəfdaş olan kredit təşkilatlarının əməliyyat imkanlarını artırmaq və peşəkar idarəçiliyi təmin etmək məqsədilə bu yolla onlara texniki yardım göstərir, eyni zamanda, məsləhətçilik və treninq xidmətləri ilə də təmin edir.

"AccessBank" 2002-ci ildə QDTİB, AYİB, BMK, KfW və Almaniyanın məsləhətçilik şirkəti olan LFS "Financial Systems" (LFS) kimi təşkilatlar tərəfindən yaradılıb. Bank mikro və KOB müəssisələrinin kreditləşdirilməsi ilə məşğul olur. "AccessBank" Azərbaycan üzrə geniş filial şəbəkəsinə malikdir, burada ümumilikdə 1859 nəfər əməkdaş çalışır. "Fitch Ratings" agentliyi "AccessBank"ı Azərbaycan bankları arasında ən yüksək reytinq olan BB+ reytinqi ilə təltif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti