...

Mərkəzi Bank: Azərbaycanın poçt operatorunun mümkün bank xidmətlərinin spektri genişləndiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2014 11:54 (UTC +04:00)
Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC-nin mümkün bank xidmətlərinin spektri genişləndiriləcək.
Mərkəzi Bank: Azərbaycanın poçt operatorunun mümkün bank xidmətlərinin spektri genişləndiriləcək

Azərbaycan, Qəbələ, 24 iyun /Trend, müxbir Zülfiyyə Qurbanova/

Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC-nin mümkün bank xidmətlərinin spektri genişləndiriləcək. Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov Qəbələdə keçirilən V Azərbaycan-Rusiya regionlararası forumunda deyib.

Onun sözlərinə görə, qlobal maliyyə böhranından sonra müzakirə edilməli və araşdırılmalı olan bir çox məsələ və problem aşkar edilib: "Bundan başqa, iqtisadiyyatın inkişafında və insanların həyatında bank sektorunun rolunun qiymətləndirilməsini aparmaq lazımdır. Bu məsələ getdikcə daha çox aktuallaşır".

R.Orucov qeyd edib ki, hazırda ölkədə 43 bank fəaliyyət göstərir: "Onların 710 filial və şöbəsinə ölkənin bütün regionlarında çıxış mövcuddur".

Onun sözlərinə görə, bankların filial şəbəkələrinin genişlənməsi dinamikası hər il artır: "Biz hesab edirik ki, bu, əhalinin maliyyə xidmətlərinə çıxışı baxımından çox vacibdir. Azərbaycanda 152 qeyri-bank kredit təşkilatları, kredit ittifaqları və digər qeyri-bank maliyyə təşkilatları fəaliyyət göstərir. Onlar həcmlərinin kiçik olmasına baxmayaraq, bazarda özünəməxsus yer tutmaqla vacib rol oynayırlar. Milli poçt operatorunun fəaliyyətini xüsusi qeyd etmək istərdim. Operator maliyyə xidmətləri göstərməyə başlayıb. Hökumətin Dünya Bankı ilə birgə layihəsi "Azərpoçt"u ölkənin maliyyə sisteminə uğurla inteqrasiya etməyə imkan verdi. 1000-dək filial və şöbə maliyyə təşkilatının demək olar hər kənddə mövcudluğunu təmin edir. Operatorun hesablama əməliyyatları aparmağa, depozitlər cəlb etməyə hüququ var və onların xidmət siyahısı gələcəkdə genişlənəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti