Azərbaycan, Bakı, 15 sentyabr /Trend/
Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Almaniya Bundestaqının nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Bundestaqın iqtisadiyyat və sənaye üzrə komissiyasının sədri Peter Ramsauer və iqtisadi əməkdaşlıq üzrə komissiyanın sədri Daqmar Förl, eləcə də Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel iştirak ediblər.
İqtisadiyyat və sənaye naziri Azərbaycan-Almaniya əməkdaşlığının uğurla inkişaf etdiyini qeyd edib, əlaqələrin genişlənməsində qarşılıqlı səfərlərin xüsusi əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun, həmçinin Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verir.
Hazırda Azərbaycanda müxtəlif sahələrdə 177 Almaniya investisiyalı şirkət fəaliyyət göstərir. Azərbaycan Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), KfV Bankı ilə sıx əməkdaşlıq edir, birgə layihələr həyata keçirilir.
Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Almaniya ilə ticarət əlaqələri ildən-ilə genişlənir. 2013-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 25% artaraq 2,2 mlrd. dollara çatıb. Artım tendensiyası 2014-cü ildə də davam edib, bu ilin 7 ayı ərzində ticarət dövriyyəsi 15% artıb.
Azərbaycan iqtisadiyyatı, ölkəmizin qazandığı uğurlar, həyata keçirilən iri regional infrastruktur layihələri barədə məlumat verən Ş.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub və münaqişənin regional inteqrasiyanın inkişafına ən ciddi maneə olduğunu diqqətə çatdırıb.
Almaniya Bundestaqının komissiya sədrləri D.Förl və P.Ramsauer Azərbaycandakı sosial-iqtisadi inkişafı müsbət qiymətləndirib, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildiriblər.
Görüşdə Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin daha da genişləndirilməsi perspektivləri barədə müzakirələr aparılıb, sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, turizm, İKT və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.