Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbirlər Təmkin Cəfərov, Azad Həsənli/
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun istismara verilməsi Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin aktivləşməsinə gətirib çıxaracaq. Trend xəbər verir ki, bunu İranın Gömrük Xidmətinin rəhbəri Məsud Karbasian çərşənbə axşamı Bakıda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilə görüşdə bildirib.
Karbasian deyib: "Azərbaycan və İran gömrükləri arasında əməkdaşlıq yaxşı səviyyədədir və göstərilən sahədə ikitərəfli münasibətlərin genişləndirilməsi üçün hər iki dövlətin rəhbərlərinin iradəsi var. Bunun təsdiqi kimi qeyd etmək olar ki, son səkkiz ay ərzində Azərbaycan və İran prezidentlərinin 4 görüşü keçirilib. Lakin ölkələr arasında qarşılıqlı münasibətləri daha yüksək səviyyəyə qaldırmaq mümkündür".
Onun sözlərinə görə, bunun üçün Biləsuvar və Astaradakı gömrük-buraxılış məntəqələrinin sutkalıq iş rejiminə keçmələri, gömrük orqanları arasında vahid informasiya sisteminin tətbiqi [Azərbaycan gömrüyünün qəbul etdiyi bütün sənəd və bəyannamələrin İran tərəfinin və əksinə tanınması ölkələr arasında yük daşımalarının xeyli artıra bilər] vacibdir: "İran Prezidentinin Azərbaycana səfərinə qədər göstərilən məsələni həll etməkdən ötrü ən qısa müddətdə zəruri işləri görmək üçün səy göstərməliyik. İki ölkənin gömrük orqanları dövlətlər arasında münasibətlərin inkişafı üçün hər cür səy göstərməlidirlər".
Öz növbəsində, Azərbaycan DGK-nın sədri Aydın Əliyev deyib ki, Azərbaycan və İranı əsrlərdir dostluq və qardaşlıq münasibətləri birləşdirir.
Onun sözlərinə görə, bu gün iki ölkə arasında münasibətlər yeni səviyyəyə çıxıb və buna son səkkiz ay ərzində artıq dördüncü olan bu görüş sübutdur: "Gömrük statistikası mövcud vəziyyəti əks etdirmir, çünki hər gün Azərbaycan-İran sərhədini minlərlə adam keçir".
DGK rəhbərinin sözlərinə görə, bununla yanaşı iki ölkə tranzit daşımalarla da bağlıdır, ona görə də onlar yük və avtomobil vasitələrinin hər bir sənədləşdirilməsi prosedurunun sürətləndirilməsinə böyük əhəmiyyət verirlər.
Qəzvin-Rəşt-Astara dəmir yolunun 2015-ci ilin əvvəlində istismara veriləcəyi gözlənilir. Dəmir yolunun ümumi uzunluğu 205 kilometr, yolun Ənzəli-Astara hissəsinin uzunluğu isə 164 kilometrdir. Yol boyunca 22 tunel, 15 körpü tikiləcək. 15 tunelin tikintisi artıq başa çatıb.