Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbirlər Təmkin Cəfərov, Azad Həsənli/
Azərbaycan və İranın gömrük xidmətləri tranzit yük maşınları üçün gömrük rüsumlarının, eləcə də xaricdə qeydiyyata alınan və tranzit məqsədlər üçün ölkəyə gətirilən minik avtomobilləri üçün sığorta haqlarının azaldılması məsələsini müzakirə edirlər. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə İranın Gömrük Xidmətinin rəhbəri Məsud Karbasian deyib.
Azərbaycanda xaricdə qeydiyyata alınan və tranzit məqsədlər üçün ölkəyə gətirilən minik avtomobilləri sahibləri ilə müqavilə bir ay və ya bir il müddətinə bağlanır, belə nəqliyyat növləri üçün sığorta məbləği isə illik mükafatın 25 faizi həcmində müəyyən edilir.
Karbasianın fikrincə, gömrük rüsumlarının və sığorta ödənişlərinin azaldılması hər iki ölkənin qanunvericiliyinin tələblərinə uyğun aparılacaq: "Görüş zamanı iki ölkə arasındakı gömrük problemlərinin həlli, o cümlədən nəzarət-buraxılış məntəqələrinin işi ilə bağlı məsələlər müzakirə olundu. Nəzarət-buraxılış məntəqələrinin sutkalıq, o cümlədən həm sərnişinlər, həm də yük avtomobilləri üçün istirahət günləri də işləməsi ilə bağlı məsələlər müzakirə edildi". [Hazırda söhbət Biləsuvar və Astaradakı gömrük-buraxılış məntəqələrinin sutkalı iş rejiminə keçməsindən gedir].
Onun sözlərinə görə, Azərbaycan və İranın gömrük xidmətləri arasında İKT və informasiya mübadiləsi sahəsində əməkdaşlığa, eləcə də Aslanduz (Parsabad)-Horadiz (Füzuli rayonu) nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinin bərpasına dair razılaşma əldə olunub.
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin jurnalistlərə verdiyi məlumata görə, görüşdə yüklər və nəqliyyat vasitələri haqqında məlumat mübadiləsi, narkotik vasitələrin aşkar edilməsi və dövriyyədən çıxarılması, birgə fəaliyyət, birgə təlimlərin keçirilməsi məsələləri müzakirə edilib. Həmçinin tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin gömrük administrasiyaları rəhbərlərinin növbəti iclasının keçirilməsində birgə əməkdaşlığı da müzakirə ediblər.
İran-Azərbaycan sərhədində altı gömrük-buraxılış məntəqəsi mövcuddur. Onlardan beşi (Culfa, Şahtaxtı, Astara, Biləsuvar və İmişli NBM) fəaliyyətdədir, Horadiz gömrük məntəqəsi isə uzun müddətdir işləmir.