...

Aİ ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 48 faizdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2014 18:04 (UTC +04:00)
Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşüb.
Aİ ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 48 faizdir

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev yeni vəzifəyə təyin olunması münasibətilə M.Şevçoviçi təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Bildirilib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır, enerji sahəsində bir sıra layihələr həyata keçirilir. 2013-cü ildə Avropa İttifaqına üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 44%, bu ilin ötən dövründə isə 48% olub. İndiyədək Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı Təşəbbüsü və digər mühüm sənədlər imzalanıb. Bu il sentyabrın 1-dən etibarən Aİ ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi və readmissiya sazişləri qüvvəyə minib. Tvinninq, TAIEX, "Sigma", Büdcəyə Dəstək yardım alətləri ölkəmiz və Avropa İttifaqı arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. 2012-ci ildən indiyədək Avropa İttifaqı ölkələri ilə 60-dan çox biznes forum və s. tədbirlər keçirilib.

Azərbaycanın sosial-iqtisadi inkişafı və regiondakı rolu barədə məlumat verən nazir ölkəmizin regionda həyata keçirilən layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu, Azərbaycanda əlverişli biznes və investisiya mühitinin yaradıldığını, səhiyyə və təhsil sahəsində həyata keçirilən layihələri diqqətə çatdırıb.

Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, soydaşlarımızın doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü vurğulayan Ş.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional inteqrasiyanın inkişafına ən ciddi maneə olduğunu bildirib.

Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti səmimi qəbula görə minnətdarlığını bildirib, Azərbaycan və Avropa İttifaqı arasında enerji, yardım alətləri, təhsil və s. sahələrdə əlaqələrin uğurla davam etdiyini, əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti