...

Gəncə Avtomobil Zavodu avtomobil və traktorların ixracını genişləndirəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2014 15:30 (UTC +04:00)
Gəncə Avtomobil Zavodu üçün prioritet inkişaf sahəsi istehsal olunan məhsulların ixracının genişləndirilməsidir və Rusiyanın “KamAZ” ASC ilə ötən gün imzalanan müqavilə bu istiqamətdə görülən işlərin bir hissəsidir.
Gəncə Avtomobil Zavodu avtomobil və traktorların ixracını genişləndirəcək (FOTO)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir Emil İsmayılov/

Gəncə Avtomobil Zavodu üçün prioritet inkişaf sahəsi istehsal olunan məhsulların ixracının genişləndirilməsidir və Rusiyanın "KamAZ" ASC ilə ötən gün imzalanan müqavilə bu istiqamətdə görülən işlərin bir hissəsidir. Bu barədə Trend-ə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin (İB) Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib.

X.Fətiyev qeyd edib ki, Prezident İlham Əliyev şaxələndirilmiş, ixrac yönümlü iqtisadiyyatın inkişaf etdirilməsini qarşıya vəzifə qoyub və bu istiqamət Gəncə Avtomobil Zavodu üçün prioritetdir: "Gəncə Avtomobil Zavodu Minsk avtomobil və traktor zavodları ilə, eləcə də Belarus Sənaye və Kənd Təsərrüfatı Nazirliyinin bir çox müəssisələri ilə uğurla çalışır. Zavod gələcəkdə də Belarusdan olan həmkarlarımızla işi davam etdirəcək. Biz Rusiyanın KamAZ-ı ilə də əməkdaşlığa başlamışıq. Bu, ilk növbədə, Azərbaycanın və Gəncə Avtomobil Zavodunun xeyrinə olan rəqabətdir. Bu gün respublikada KamAZ-ların da, MAZ-ların da istehlakçıları var. Mən artıq qeyd etdim ki, biz bir neçə iri istehsalçı zavodla, o cümlədən KamAZ-la danışıqlar aparırıq. Daha iki müəssisə ilə danışıqlar aparırıq, lakin detalları hələlik açıqlamırıq. Hesab edirəm ki, gələn il bu müəssisələrdən biri ilə saziş imzalayacağıq. Əminəm ki, KamAZ-la iş MAZ-la işimizə mane olmayacaq. Əksinə, bu, tarazlaşdırılmış qiymət siyasəti aparmağa və sağlam rəqabəti artırmağa iman verəcək".

Onun sözlərinə görə, Gəncə Avtomobil Zavodunun Naxçıvan da daxil olmaqla, bütün respublika ərazisində avtomobillərə, eləcə də kənd təsərrüfatı texnikasına servis xidməti fəaliyyət göstərir. Həmin mərkəzlərdə KamAZ-lara servis xidmətlərinin göstərilməsi üçün də zəruri olan hər şey var.

KamAZ tərəfindən yük avtomobillərinin yığımının təşkili üçün Azərbaycanda Gəncə Avtomobil Zavodunun seçilməsi onunla şərtlənir ki, bu müəssisə böyük təcrübəyə, peşəkar kadrlara malikdir və güclü tərəfdaşdır. Bu barədə Trend-ə "KamAZ" Xarici Ticarət Şirkəti" QSC-nin baş direktorunun müavini Vasili Tsıqanov deyib.

V.Tsıqanov qeyd edib: "Biz zavodun qiymətləndirilməsini apardıq. Zavodun mütəxəssisləri də bizə gəliblər. Planlar əvvəlcədən müəyyən edilmişdi. Hesab edirəm ki, yaxın vaxtlarda, birinci rübdə istehsala başlayacağıq".

Onun sözlərinə görə, Gəncə Avtomobil Zavodu xüsusi texnikanın və asma avadanlığın istehsalına yiyələnib. Asma avadanlıqlar, eləcə də Azərbaycanda istehsal olunmuş KamAZ-lar Rusiyaya məxsus müəssisənin maraqlarına daxil olan region ölkələrinə tədarük olunacaq.

V.Tsıqanov bildirib ki, Gəncə Avtomobil Zavodunda yığımların həcmini bir il ərzində min avtomobilədək çatdırmaq planlaşdırılır. İlk növbədə, müəssisədə məhz Azərbaycanda tələb olunan texnika istehsal olunacaq.

Baş direktorun müavini qeyd edib ki, gələcəkdə model sırası genişləndiriləcək: "Habelə istehsalın lokallaşdırılması məsələsinə də baxılacaq ki, bu da Azərbaycanda komponent istehsalı bazasının inkişafına təkan olacaq.

"Gəncə Avtomobil Zavodu" İB-nin direktoru Kamran Nəzərovun dediyi kimi, Rusiyadan olan mütəxəssislər müəssisənin texniki hazırlığını yüksək qiymətləndiriblər. Bu, xüsusilə, Gəncədə istehsal olunan asma avadanlıqlara malikdir: "Gəncə Avtomobil Zavodu üçün prioritet üçüncü ölkələrin bazarlarına çıxışdır. Azərbaycan bazarı da kiçik deyil, lakin bu gün bizdə istehsal imkanları respublikada mümkün satış həcmindən daha çoxdur. Zavod kiçik həcmdə olsa da, Minsk avtomobil və traktor zavodlarının Gəncədə yığılan avtomobil və traktorlarının üçüncü ölkəyə tədarükünə başlayıb".

Onun sözlərinə görə, düz 10 il əvvəl Gəncə Avtomobil Zavodu tərəfindən KamAZ-ın birinci mikrolitrajlı avtomobilləri buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti