Azərbaycan, Bakı, 2 fevral /Trend/
Azərbaycanda qiymətli kağızların inkişafı ilə yanaşı həmin sahəyə təkan verən investisiya və broker şirkətlərinin texnoloji infrastruktur baxımından inkişafı məsələsi də aktuallaşır. Şirkətlər ilk növbədə texnologiya baxımından fəaliyyət istiqamətlərini avtomatlaşdırmaq və bunu ən yaxşı şəkildə necə etmək olar sualına cavab tapmalıdırlar. Çünki sərbəst vəsaitlərini həm beynəlxalq həm də yerli maliyyə bazarlarında dəyərləndirmək istəyən istər fərdi istərsə də korporativ investorların bu imkanlarını təmin etmək üçün mütləq şəkildə güclü texnoloji infrastruktur tələb olunur. Bundan əlavə müştərilərin vəsaitlərinin təhlükəsizliyinin təmin olunması istiqamətində də brokerlər əməlli başlı tər tökməlidirlər. Çünki bir tərəfdən hər gün yenilənən texnologiya digər bir tərəfdən isə beynəlxalq maliyyə bazarında baş verən ani qiymət dəyişiklikləri fonunda investisiya və broker şirkətlərinin də bu ani dəyişikliyə reaksiyaları ani olmalıdır. Azərbaycanda brokerlərin metodologiyası yaxşı inkişaf edib, beynəlxalq standartlara uyğunlaşır. Şirkətlər öz inkişaf və xidmət səviyyəsini qoruyub saxlamaq üçün texnologiya sahəsinə böyük investisiyalar edirlər. Bu inkişaf son zamanlar Azərbaycan və Türkiyə bazarını yenilikləri ilə əhatə edən InvestAZ şirkətində daha çox hiss olunur. Görünür şirkət bazarın zəif nöqtəsini digərləri ilə müqayisədə daha tez tapıb.
Ümumiyyətlə, ölkədə bu sahə üzrə yetişən fərdi investorlara xidmət göstərən şirkətlər dünyada sürətlə inkişaf edən texnoloji yeniliklərdən aktiv istifadə etməlidirlər. Proseslərin vaxtında, düzgün və peşəkar şəkildə çatdırılması, bu proseslərin öyrənilməsi və inteqrasiyası hər bir investisiya və broker şirkətlərinin qarşısında duran prioritet məsələlərdən biri olmalıdır.