...

Azərbaycan və Kamerun gömrük əlaqələrini genişləndirmək istəyirlər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2015 16:29 (UTC +04:00)
Kamerun Gömrük Xidməti Azərbaycan tərəfi ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlıdır.
Azərbaycan və Kamerun gömrük əlaqələrini genişləndirmək istəyirlər (FOTO)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Bu gün Kamerun Gömrük İdarəsinin baş direktoru xanım Li Likenq Minette Mendomo Avoumvele Libomun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Həmin gün nümayəndə heyəti ilə Dövlət Gömrük Komitəsində görüş keçirilib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev qeyd edib ki, Kamerun və Azərbaycan arasında diplomatik münasibətlər olsa da, indiyədək iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələr formalaşmayıb. Kamerunun ilk rəsmi nümayəndə heyətinin Azərbaycana səfərindən məmnunluğunu bildirən Komitə sədri gömrük orqanları vasitəsilə yaradılan bu ilk əməkdaşlıq əlaqələrinin hər iki ölkənin digər sahələrdə də qarşılıqlı münasibətlərinin yaradılması işinə böyük töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.

Azərbaycanın bütün dünya dövlətləri, o cümlədən, Kamerun ilə bütün sahələrdə sıx əməkdaşlıq əlaqələri yaratmaqda maraqlı olduğunu qonaqların nəzərinə çatdıran Komitə sədri bunun üçün hər iki ölkənin böyük potensialı olduğunu və bu imkandan maksimum yararlanmağın vacibliyini bildirib.

Kamerun Gömrük İdarəsinin baş direktoru Azərbaycan və Kamerun gömrük orqanları arasında dostluq və əməkdaşlığın gücləndirilməsinə göstərilən diqqət və yardımı yüksək qiymətləndirib. Qonaq Azərbaycan Gömrük Xidmətinin əldə etdiyi uğurların Kamerun tərəfindən maraqla qarşılandığını, o cümlədən, azərbaycanlı həmkarlarının təcrübəsini öyrənməkdə və sıx əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar Dövlət Gömrük Komitəsində "Hədəf" Mərkəzinə baxış keçirib, gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olublar.

Qeyd edək ki, görüşdən öncə qonaqlar Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarları üzərinə gül dəstələri düzüblər. Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Kamerun nümayəndə heyətinin Azərbaycana səfəri aprelin 11-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti