Azərbaycan, Bakı, 2 noyabr /Trend/
ARDNF-nin məqsəd və vəzifələrindən irəli gələn öhdəliklərindən biri də dövlət büdcəsinə illik əsasda ödənilməli olan transferlərin vaxtlı-vaxtında və düzgün şəkildə həyata keçirilməsidir.
Neft Fondundan Trend-ə verilən məlumatda bildirilir ki, ARDNF-nin əsas gəlir mənbəyi olan karbohidratların satışı da daxil olmaqla bütün daxilolmaları xarici valyutalarda, o cümlədən ABŞ dollarında baş tutur və yuxarıda qeyd edilən öhdəliklərin həyata keçirilməsi məqsədilə bu valyutanın Azərbaycan manatına (AZN) mübadilə edilməsi zərurəti yaranır.
Qeyd olunur ki, bu məqsədlə ARDNF hər il üçün Maliyyə Nazirliyi tərəfindən təqdim olunan qrafikə uyğun olaraq ölkədə fəaliyyət göstərən ən nüfuzlu banklarla nəzərdə tutulan AZN məbləğinin alınması istiqamətində müvafiq valyuta əməliyyatları həyata keçirir.
Bütün əməliyyatlar Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hər gün üçün müəyyən edilən rəsmi məzənnə əsasında baş tutur.