...

AMB: Bank sektorunda risklərin artması maliyyə sabitliyinin qorunması vəzifəsini daha da kəskinləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2016 14:26 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2015-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.
AMB: Bank sektorunda risklərin artması maliyyə sabitliyinin qorunması vəzifəsini daha da kəskinləşdirib

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2015-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.

AMB-dən Trend-ə verilən məlumata görə, Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov giriş nitqi ilə çıxış edib.

Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə, həmçinin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda möhtərəm Prezident İlham Əliyevin ölkənin makroiqitisadi vəziyyəti və sosial-iqtisadi inkişafına dair qaldırdığı məsələləri önə çəkən E.Rüstəmov bildirib ki, 2015-ci ildə qlobal və regional səviyyədə gedən mürəkkəb iqtisadi proseslər dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Bununla əlaqədar milli iqtisadiyyatın dayanıqlığının gücləndirilməsi çağırışları daha da aktuallaşıb, makroiqtisadi siyasətdə adekvat dəyişikliklər həyata keçirilib.

Ümumilikdə 2015-ci ildə iqtisadi artım davam edib və bu artımın başlıca mənbəyi qeyri-neft sektoru olub. Ötən il ÜDM 1.1%, o cümlədən qeyri-neft sektoru 1.1% artıb. ÜDM-in 69.3%-i qeyri-neft sektorunun payına düşüb. İqtisadi artımda daxili tələb, o cümlədən istehlak tələbi və investisiya qoyuluşları mühüm rol oynayıb. 2015-ci ildə orta ilik inflyasiya 4%, o cümlədən ərzaq qiymətlərinin artımı 6.1% olub. Nominal effektiv məzənnə, inflyasiya gözləntiləri və ticarət tərəfdaşlarında yüksək inflyasiya qiymətlərə artırıcı, pul təklifi və qlobal əmtəə qiymətlərinin dəyişimi isə azaldıcı təsir göstərib.

2015-ci ildə Azərbaycanın xarici iqtisadi mövqeyi dünya əmtəə bazarındakı konyunktur və ticarət tərəfdaşlarındakı vəziyyətin təsiri altında formalaşıb. Ötən ilin 9 ayında tədiyə balansının cari hesabında 241 milyon ABŞ dolları həcmində profisitin ötən ilin eyni dövrünə nəzərən azalması əsasən neftin ucuzlaşması ilə izah olunur. Qeyri-neft sektoru üzrə əmtəə və xidmət balansı isə tərəfdaş ölkələrdəki iqtisadi proseslərdən təsirlənib.

Mərkəzi Bank da ölkədə iqtisadi inkişaf strategiyasının reallaşmasında fəal iştirak edərək iqtisadi tsiklə adekvat olaraq pul siyasətinin stabilləşdirici və təşviqedici imkanlarından istifadə etməklə öz siyasətini makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəldib. Qeyri-neft sektorunda investisiya fəallığının artmasına və faiz dərəcələrinin enməsinə şərait yaratmaq məqsədilə AMB tərəfindən faiz dəhlizinin parametrləri və məcburi ehtiyat normaları endirilib.

2015-ci ildə dünya bazarında neft qiymətlərinin kəskin ucuzlaşması, əsas ticarət tərəfdaşları ölkələrində devalvasiya dalğalarının formalaşdırdığı psixoloji gərginlik şəraitində daxili valyuta bazarında manatın məzənnəsinə təzyiqlər artıb. Bu təzyiqləri nəzərə alaraq ötən ilin fevralında manatın devalvasiyası həyata keçirilib. Qısa müddət ərzində vəziyyət qismən sabitləşsə də iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən artırıb. Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bank "üzən məzənnə rejiminə"nə keçid barədə qərar qəbul edib. Yeni məzənnə rejiminə keçid taktiki olaraq makroiqtisadi manevr xarakteri daşıyıb, strateji olaraq isə milli iqtisadiyyatın şaxələndirilməsi strategiyasının dəstəklənməsinə yönəlib.

Bank sektorunda risklərin artması maliyyə sabitliyinin qorunması vəzifəsini daha da kəskinləşdirib. Mərkəzi Bank bank sektorunun restrukturizasiya prosesinə başlayıb, sektorun maliyyə dayanıqlığının gücləndirilməsi və risklərin idarə edilməsi tədbirlərini daha da artırıb. Bank nəzarəti və prudensial tənzimləmə üzrə proaktiv yanaşma nümayiş etdirməklə sektorda əlavə risklərin akkumulyasiyasına yol verilmədən, requlyativ çərçivə yeni situasiyaya adoptasiya edilib, banklara dair tələblər üzrə kontr-tsiklik rejim tətbiq edilib.

Məzənnə korreksiyasının borcalanların borc yükünə təsirinin minimallaşdırılması, eləcə də bank sektorunun kredit portfelinin keyfiyyətinin qorunması məqsədilə borcalanların maliyyə yükünün azaldılmasına yönəldilmış kompleks tədbirlər görülüb. Bu istiqamətdə Mərkəzi Bank tərəfindən prudensial tələblər yumşaldılıb, kreditlərin aktiv restrukturizasiyası üzrə bankların imkanları artırılıb. Eyni zamanda bank sektorunda maliyyə dayanıqlığının qorunması və kreditləşmənin dəstəklənməsi ilə bağlı kapital tələbləri optimallaşdırılıb.

Real sektorun, iqtisadiyyatın manata olan tələbatının qarşılanması məqsədilə Mərkəzi Bank yeni mexanizm tətbiq etməklə bankların manat likvidliyini tənzimləyib, bankların öhdəliklərinin valyuta strukturunun dəyişməsinin effektini yumşaldıb. Bundan əlavə, açıq valyuta mövqeləri ilə bağlı limitlərə müəyyən güzəştlər edilərək əhalinin əmanətlərinin istənilən valyutaya rahat konvertasiya edilə bilməsi üzrə bankların imkanları artırılıb.

Mərkəzi Bank tərəfindən tətbiq olunan kontr-tsiklik yanaşma və dəstəkləyici tədbirlər bank sektorunda riskləri adekvat səviyyələrdə idarə etməyə imkan verib, formalaşdırılmış kapital və institusional bufer hesabına banklar şoklara qarşı dayanıqlıq nümayiş etdiriblər.

Bank sektoru ölkənin iqtisadi artımını dəstəkləməkdə davam edib. Bankların aktivləri 35 mlrd. manat, iqtisadiyyata kredit qoyuluşlarının həcmi 21 mlrd. manat təşkil edir ki, bunun da 75%-i biznes kreditlərinin payına düşür.

Ödəniş sistemlərinin sabit və təhlükəsiz fəaliyyətinin təmin edilməsi və inkişafı Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən biri olub. Milli Ödəniş Sistemi (MÖS) ilə 2015-ci ildə həyata keçirilən ödənişlərin sayı 13%-dən çox artıb, ödənişlərin həcmi isə ÜDM-in 2.4 mislini təşkil edib.

İclasda aparılan müzakirələrdə həmçinin qeyd edilib ki, Mərkəzi Bankın fəaliyyətinin bütün istiqamətlərinin müasirləşdirilməsi üzrə intensiv iş aparılıb. Bankın institusional inkişaf prosesi sürətlənib, insan resurslarının inkişafına diqqət artırılıb, funksional və biznes proseslərinin səmərəli yerinə yetirilməsi üçün layihələr həyata keçirilib.

İclas zamanı Mərkəzi Bankın ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məruzələr dinlənilib, geniş müzakirələr aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

İclasda, həmçinin Maliyyə Monitorinqi Xidmətinin, eləcə də Mərkəzi Bankın ərazi idarələri və regional mərkəzlərinin fəaliyyəti ilə bağlı da müzakirələr aparıldı, qarşıya qoyulan vəzifələr bir daha dəqiqləşdirilib.

E.Rüstəmov iclasa yekun vuraraq ümumilikdə 2015-ci ilin nəticələrini müsbət qiymətləndirərək 2016-cı il üçün Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə diqqəti çəkib. Bildirib ki, möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi "Yeni dövr yeni yanaşmalar tələb edir" ideyasına uyğun olaraq orta müddətli dövrdə milli iqtisadiyyatın yenidən balanslaşdırılması, özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə keçidin sürətlənməsi və bu əsasda daha dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın təmin edilməsi iqtisadi siyasətin qarşısında duran strateji çağırışdır. Bu çağırışa uyğun olaraq milli iqtisadiyyatın yeni makroiqtisadi dayanıqlıq müstəvisinə keçirilməsi, bu əsasda iqtisadi siyasətin bütün istiqamətlərinin daha effektiv sinxronlaşdırılması vasitəsilə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Mərkəzi Bank hökumətlə birlikdə kompleks tədbirlər həyata keçirəcək.

2016-cı ildə AMB pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən siyasət həyata keçirəcək. Məzənnə siyasəti yeni rejimin tələblərinə uyğun olaraq məzənnədə kəskin tərəddüdlərin hamarlanmasına yönələcək. Eyni zamanda hökumətlə birlikdə valyuta bazarının tarazlaşırılmasına yönəlmiş əlavə tədbirlərin də görülməsi nəzərdə tutulur.

Bank sektorunda maliyyə sabitliyinin qorunması da mühüm hədəflərdən biridir. Banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank sektorunun maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər davam etdiriləcək. Maliyyə infrastrukturunun inkişafı, nağdsız hesablaşmaların və elektron ödəniş sistemlərinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.

2016-cı ildə Mərkəzi Bank dəyişkən iqtisadi mühitdə bankların risklərə qarşı dayanıqlığının yüksəldilməsi istiqamətində səylərini artıracaq. Stress-testlər əsasında Mərkəzi Bank müxtəlif iqtisadi şoklara qarşı bank sektorunun vəziyyətini preventiv qaydada simulyasiya etməklə maliyyə sabitliyini qorumaq və effektiv idarə etmək üçün zəruri hallarda sektora müvafiq intervensiyaların həyata keçirilməsini diqqət mərkəzində saxlayacaq. İqtisadi artımın dəstəklənməsində bank-maliyyə sektorunun rolunun gücləndirilməsi, iqtisadi subyektlərin kreditə çıxış imkanlarının daha da genişləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.

Nağdsız ödənişlərin inkişafı, elektron ödəniş xidmətlərinin və innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsi növbəti ildə də Mərkəzi Bankın fəaliyyətinin prioritet istiqamətlərindən olacaq.

Çıxışının sonunda E.Rüstəmov yeni çağırışlardan irəli gələn vəzifələrin uğurla icrasında Mərkəzi Bankda insan kapitalının, tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafının vacib rol oynayacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti