...

Süni Mayalanma Mərkəzinin yeni kompleksinin inşası başa çatır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2016 11:38 (UTC +04:00)
Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzinin (RSMM) yeni kompleksinin inşası başa çatdırılmaq üzrədir.
Süni Mayalanma Mərkəzinin yeni kompleksinin inşası başa çatır

Bakı. Trend:

Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzinin (RSMM) yeni kompleksinin inşası başa çatdırılmaq üzrədir.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, Mərkəzin layihələndirilməsində Türkiyə, Fransa, Almaniya və Hollandiyanın təcrübəsindən istifadə edilib. Bu olkələrdən dəvət edilmiş mütəxəssislər layihənin hazırlanmasında və inşaatın gedişində iştirak ediblər. İnşaat işləri və Mərkəzin funksional planı FAO-nun ekspertləri ilə müzakirə edilmiş və onların tövsiyələri nəzərə alınıb.

RSMM respublikada qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılıyacaq və yerli heyvan cinslərdindən istifadə etməklə yetişdirilmiş cinslərin də genetik imkanlarından istifadə etməyə şərait yaradacaq. RSMM həmçinin, təlim-təkmilləşdirmə mərkəzi kimi də fəaliyyət göstərəcək. Bunun üçün Mərkəzdə tədris otaqları, nümayiş sahəsi və təlim iştirakçılarının qalması üçün tədris mehmanxanası yaradılacaq.

RSMM-də istifadə ediləcək törədici buğa və kəllər xarici ölkələrdən idxal olunacaq və törədici heyvanlar tam qapalı şəraitdə saxlanacaq, yemin paylanması və mikroiqlim parametrlərinin stabilliyi avtomatik olaraq kompyutürləşmiş sistem vasitəsilə idarə ediləcək. Qapalı şəraitdə saxlama və törədici heyvanların sağlamlıq statusunun stabil olması başlıca beynəlxalq tələblərdən biridir və mərkəzdə istehsal edilmiş genetik materialın ixrac imkanlarını artıracaq.

Hazırkı mərhələdə RSMM-in laboratoriyası, karantin izolyatoru və klinikası xüsusi təyinatlı avadanlıqlarla təchiz edilir. Laboratoriya avadanlıqları bu sahədə dünyada liderlik edən Fransanın “İMV technologies” şirkətinin istehsalıdır.

RSMM-in istifadəyə verilməsi ilə maldarlıqda damazlıq işinin inkişaf etdirilməsi baxımından tam yeni yanaşma tətbiq ediləcək. RSMM Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun embrion transplantasiyası laboratoriyası ilə əlaqəli şəkildə fəaliyyət göstərməklə respublikanın yerli genofonduna daxil olan, müxtəlif coğrafi-iqlim şəraitlərinə uyğunlaşmış və müsbət təsərrüfat göstəricilərinə malik cinslərə məxsus törədici heyvanların da saxlanılaraq onlardan alınmış genetik materialın yayılması işini də həyata keçirəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2016-cı il tarixli Sərəncamı ilə ayrılmış 8,4 milyon manat bu kompleksinin tikintisinin tamamlanmasına, avadanlıq və qurğuların alınmasına və quraşdırılmasına sərf ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti