Bakı. Trend:
Dövlət satınalmaları sahəsində səmərəliliyin yüksəldilməsi üçün maarifləndirmə davam edir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə mərkəzi icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan 120-dək mütəxəssisi üçün təlim kursları keçirilib.
Təlim kurslarında dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə təlimlər davam etdiriləcək.