...

Prezident İlham Əliyev: Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2017 23:39 (UTC +04:00)
Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub.
Prezident İlham Əliyev: Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub

Bakı. Trend:

Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu il Azərbaycanda makroiqtisadi sabitlik təmin edilməlidir, inflyasiya birrəqəmli olmalıdır: “Hesab edirəm ki, biz buna nail olacağıq. Makroiqtisadi sabitlik hər bir ölkənin iqtisadi dayanıqlılığı üçün əsas şərtlərdən biridir. Mən giriş sözümdə qeyd etdim, baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə aşağı düşdü, biz valyuta ehtiyatlarımızı, xüsusilə Neft Fondunun ehtiyatlarını qoruya bilmişik. Bu il də valyuta ehtiyatlarımızı qorumalıyıq və əminəm ki, biz valyuta ehtiyatlarımızın artımına da nail olacağıq”.

İlham Əliyev bildirib ki, keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində önəmli addımlar atılıb, nəzarət gücləndirilib, şəffaflıqla bağlı tədbirlər görülüb, cəza tədbirləri, inzibati tədbirlər görülüb:

“Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olmuşdur. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq”.

Prezident vurğulayıb ki, 2016-cı il ağır il olsa da, qeyri-neft sənaye istehsalı artıb: “Bu il sənaye potensialının inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bizim artıq bir neçə sənaye parkımız var. Onların sırasında Sumqayıtdakı iki parkın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm – Texnologiyalar Parkı və Kimya Sənaye Parkı. Sumqayıt Kimya Sənaye Parkında böyük müəssisələrin yaradılması prosesi davam edir. Oraya qoyulan investisiyaların həcmi bir milyard dolları ötüb. Keçən il Mingəçevir Sənaye Parkının təməli qoyuldu. Hesab edirəm ki, gələn aydan etibarən burada artıq bütün inşaat işləri də başlanmalıdır. Mingəçevir Sənaye Parkında – o, yüngül sənayeyönümlüdür, - birinci mərhələdə doqquz müasir fabrik tikiləcək və minlərlə iş yeri yaradılacaq.

Keçən il Pirallahıda dərman preparatlarının istehsalı ilə bağlı təməlqoyma mərasimi keçirilmişdir. Pirallahı adasında həm yeni sənaye zonası, həm də turizm infrastrukturu yaradılır. Əminəm ki, bu il bu istiqamətdə ciddi addımlar atılacaq. Neftçala sənaye zonasının inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. İranlı tərəfdaşlarımızla birlikdə avtomobil istehsalı zavodunun təməli qoyuldu. Digər bir neçə zavodun tikintisi nəzərdə tutulur. Balaxanı Sənaye Parkında yaxşı işlər gedir. Masallı şəhərində sənaye zonası üçün yer ayrılıb və indi infrastruktur işləri gedir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, hər bir şəhərdə xüsusi sənaye sahəsi, sənaye parkı, zonası yaradılmalıdır. Artıq bu proses başlayır və digər şəhərlərdə də yerli icra orqanları, sahibkarlar əlbəttə ki, dövlətin dəstəyi ilə bu işləri görməlidirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti