...

"Şəmkir Aqroparkı"nın "Ceyrançöl"dəki hissəsində görülən işlər açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2017 16:51 (UTC +04:00)

Bakı. Trend:

"Şəmkir Aqroparkı"nın "Ceyrançöl" massivi ərazisində yerləşən hissəsində görülən işlər açıqlanıb.

Trend-in məlumatına görə, iri taxılçılıq, bitkiçilık,və meyvəçilik təsərrüfatını özündə birləşdirən aqroparkın ərazisində kənd təsərrüfatının inkişafına xidmət edəcək 8.000 hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi, Kür çayından əraziyə 2 istiqamətdə 730 millimetr diametrli dəmir borularla 27,5 kilometr və qismən kiçik diametrli borularla 15,6 kilometr təsərrüfat daxili su xəttlərinin çəkilməsi təmin edilib.

Ərazidə lazımi infrastrukturun yaradılması üçün Azərbaycan Prezidentinin 13 yanvar 2017-ci il tarixli və Nazirlər Kabinetinin 10 oktyabr 2016-cı il tarixli sərəncamlarına əsasən, dövlət büdcəsindən 3.200.000 manat vəsait ayrılıb. Aqropark üçün 10 ədəd müasir “New Holland” markalı traktor və 45 adda müxtəlif kənd təsərrüfatı maşın və qoşqu avadanlıqları lizinq yolu ilə alınıb, ümumi tutumu 15.000.000 m³ olan 3 ədəd su tutar inşa edilib, sahəsi 2.016 m² olan anbar hazırlanıb. Ərazidə 16.000 kVa gücündə elektrik yarımstansiya və 6 ədəd transformator quraşdırılaraq ümumilikdə 35 km elektrik xətti çəkilib. 2 ədəd üzən panton üzərində 3 ədəd yeni motor və su nasosu, həmçinin 1000 hektar torpaq sahəsində ABŞ-ın “Lindsay” şirkətindən alınmış 14 ədəd müxtəlif radiuslu müasir pivot suvarma aqreqatları və avadanlıqları quraşdırılıb.

Bütün bunlar məhsuldarlığa müsbət təsir göstərib. Nəticədə pivotaltı sahələrə ötən il şəkər çuğunduru əkilərək 14.000 ton məhsul yığılıb və İmişli şəkər zavoduna təhvil verilib. Cari ildə həmin pivotaltı sahəyə qarğıdalı bitkisi əkilib.

Aqroparkın “Ceyrançöl” massivi ərazisində 35 nəfər daimi, 200 nəfər mövsümü işlə təmin olunub. Sahəsi 260 m² olan 9 otaqdan ibarət 2 mərtəbəli ofis binası tikilib.

Ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək məqsədilə aqroparkda mövcud 1.000 hektar pivotaltı sahənin genişləndirilərək 2017-ci ildə 2.000 hektar, 2018-ci ildə 1.600 hektar olmaqla, ümumilikdə 4.600 hektara çatdırılması planlaşdırılır. Bu ilin payızında 3.000 hektar pivolatı sahəyə taxıl əkilməsi və 15.000 ton məhsul istehsalı, 2018-cil ildə isə 3.000 hektar qarğıdalı əkilməsi və 30.000 ton məhsul götürülməsi nəzərdə tutulur.

İntensiv bağçılığın yaradılması məqsədilə isə 2.400 hektarda damlama suvarma sistemlərinin quraşdırılması layihələndirilib. Nəticədə gələcəkdə 36.000 ton məhsul istehsal olunacaq. Pivotaltı sahəyə gələcəkdə növbəli əkin prinsipinə uyğun olaraq soya, kartof, soğan və digər bitkilər də əkiləcək. Sözügedən məhsulların saxlanılması üçün 30.000 tonluq taxıl-anbar kompleksinin qurulması, 10.000 tonluq kartof saxlama-soyuducu kamerasının yaradılması nəzərdə tutulur.

8.000 hektar torpaq sahəsini əhatə edəcək aqrotexniki qulluq prosesini vaxtında yerinə yetirmək məqsədilə aqroservis bazasının genişləndirilməsi üçün ABŞ-ın “John Deere” şirkətinin istehsalı olan 30 adda müasir kənd təssərrüfatı texnika və avadanlıqlarının alınması da planlaşdırılır. Nəticədə 5.000 daimi, 1.500 mövsümü iş yeri yaradılacaq, əlavə olaraq təsərrüfatdaxili yollar çəkiləcək.

“Ceyrançöl”də salınacaq bağçılıq təsərrüfatının məhsulları təməli cənab Prezident İlham Əliyev tərəfindən qoyulmuş “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzində emal ediləcək, həmin məhsulların satışı və ixracı məhz buradan təmin olunacaq.

Aqroparkın Könüllü kənd ərazisində yerləşən hissəsinin ümumi ərazisi 604 hektardır. Bu ərazinin 100 hektarı sənaye sahəsi, 200 hektarı istixanalar, 274 hektarı intensiv bağçılıq, 25 hektarı tingçilik, 5 hektarı şıtilçılık üçün nəzərdə tutulub.

Aqroparkda həyata keçirilən bütün bu işlər ölkəmizdə kənd təsrrüfatının ÜDM-də pay nisbətini artıtırmağa və əhalinin yerli və keyfiyyətli məhsullarla təmin etməyə xidmət edəcək.

Qeyd edək ki, ölkəmizdə aqroparkların və onların tərkibinə daxil olan müxtəlif mərkəzlərin tikintisi və məhsul bazalarının yaradılması istiqamətində daha bir addım kimi ölkə Prezidenti İlham Əliyevin xeyir-duası və iştirakı ilə 2014-cü ildə Şəmkir rayonunda “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin təməli qoyulub. Aqroparka 8604 hektar, o cümlədən, Könüllü kənd ərazisində 604 hektar, “Ceyrançöl” massivində isə 8000 hektar müvafiq torpaq sahəsi ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti