...

Azərbaycan 12 kateqoriyanın 9-u üzrə mövqeyini yaxşılaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2017 15:19 (UTC +04:00)
Azərbaycanda aparılan iqtisadi islahatlar yüksək qiymətləndirilir.
Azərbaycan 12 kateqoriyanın 9-u üzrə mövqeyini yaxşılaşdırıb

Bakı. Trend:

Azərbaycan “Qlobal Rəqabət Qabiliyyəti 2017-2018” hesabatında 12 kateqoriyanın 9-u üzrə mövqeyini yaxşılaşdırıb.

Bu barədə Trend İqtisadiyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar siyasətinin, o cümlədən iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı və onlara göstərilən kompleks dəstəyin və digər tədbirlərin davamlı olaraq həyata keçirilməsi nəticəsində ölkəmizin qlobal rəqabət indeksinə görə mövqeləri daha da yaxşılaşıb.

Bu yaxınlarda Dünya İqtisadi Forumunun açıqladığı “Qlobal Rəqabət Qabiliyyəti 2017-2018” hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə 2 pillə irəliləyərək 137 ölkə arasında 35-ci, MDB məkanında isə 2009-cu ildən etibarən 1-ci yerdədir. Ümumiyyətlə, son illər Azərbaycanın Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış hesabatlarda nəticələri yaxşılaşıb. Belə ki, ölkəmiz “Qlobal rəqabət qabiliyyəti” hesabatları üzrə 34 pillə - 2005-ci ildə 117 iqtisadiyyat arasında 69-cu yerdən 2017-ci ildə 137 iqtisadiyyat arasında 35-ci yerədək irəliləyib. Bununla da, Azərbaycan “G-20”yə üzv olan bəzi ölkələri geridə qoyub. Belə ki, “Qlobal Rəqabət Qabiliyyəti 2017-2018” hesabatında “G-20”yə üzv olan İndoneziya 36-cı, Rusiya Federasiyası 38-ci, Hindistan 40-cı, İtaliya 43-cü, Meksika 51-ci, Türkiyə 53-cü, Cənubi Afrika Respublikası 61-ci, Braziliya 80-ci, Argentina isə 92-ci yerdədir. Qlobal rəqabət indeksinə görə Azərbaycan regionun ən rəqabətqabiliyyətli iqtisadiyyatına malikdir və qonşu ölkələrlə müqayisədə ön sıradadır. Hesabatda region ölkələrindən Gürcüstan 67-ci, Ermənistan isə 73-cü yerdə qərarlaşıb.

Azərbaycanın rəqabət qabiliyyətinin artması hesabatın bir sıra indikatorlarında daha aydın şəkildə özünü göstərir. Hesabatda Azərbaycan 12 kateqoriyanın 9-u üzrə öz mövqeyini yaxşılaşdırıb:

- biznesin mükəməlləşdirilməsi üzrə 20 pillə (40-cı yer);
- əmtəə bazarının səmərəliliyi üzrə 19 pillə (31-ci yer);
- infrastruktur üzrə 4 pillə (51-ci yer);
- əmək bazarının səmərəliliyi üzrə 9 pillə (17-ci yer);
- səhiyyə və ibtidai təhsil üzrə 1 pillə (74-cü yer);
- maliyyə bazarının inkişafı üzrə 18 pillə (79-cu yer);
- innovasiya potensialı üzrə 11 pillə (33-cü yer);
- institutların keyfiyyəti üzrə 15 pillə (33-cü yer):
- ali təhsil və təlim üzrə 10 pillə (68-ci yer) irəlləyib.

Azərbaycanda son illər infrastrukturun yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr və görülən işlər də hesabatda öz müsbət əksini tapıb. Hesabatın infrastruktur kateqoriyasında ümumi infrastrukturun keyfiyyəti göstəricisi üzrə Azərbaycan 26-cı, dəmiryolu infrastrukturunun keyfiyyəti üzrə isə 20-ci yerdə qərarlaşıb.

Əmtəə bazarının səmərəliliyi kateqoriyasında biznesə başlama prosedurlarının və biznesə başlama günlərinin sayı göstəriciləri üzrə Azərbaycanın mövqeyi daha da yaxşılaşıb. İnvestisiya təşviqlərində vergiqoymanın təsiri göstəricisi üzrə Azərbaycan 137 ölkə arasında 29-cu yerdə qərarlaşıb. Bu göstərici üzrə ölkəmiz İndoneziya, İsrail, İtaliya, Qazaxıstan və Moldova kimi ölkələri qabaqlayıb.

Əmək bazarının səmərəliliyi kateqoriyası üzrə isə Azərbaycan 17-ci yerdədir və bu sahədə Avstraliya, Rusiya, Hindistan, Braziliya, Argentina kimi ölkələri geridə qoyub.

“Qlobal Rəqabət Qabiliyyəti 2017-2018” hesabatında Azərbaycanın bir çox qabaqcıl ölkələri geridə qoyaraq öz mövqeyini yaxşılaşdırması və 35-ci pillədə qərarlaşmasını ölkəmizdə aparılan iqtisadi islahatlara və onların nəticələrinə nüfuzlu beynəlxalq təşkilatların yüksək qiyməti kimi dəyərləndirmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti