...

Azərbaycanın dövlət büdcəsi 2023-cü ildə profisitlə icra oluna bilər - "Qazprombank"

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2023 20:39 (UTC +04:00)
Azərbaycanın dövlət büdcəsi 2023-cü ildə profisitlə icra oluna bilər - "Qazprombank"
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Azərbaycan Maliyyə Nazirliyi büdcə kəsirini azaltmağı planlaşdırıb, faktiki olaraq, büdcə profisitlə icra oluna bilər.

Bunu Trend-ə "Qazprombank"ın Bazarın Təhlili Departamentinin rəis müavini Gülnarə Xaydarşina deyib.

Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycanın fiskal siyasəti pandemiyanın pik dövründə, iqtisadiyyatın bərpası üçün genişmiqyaslı büdcə stimulunun lazım olduğu vaxtdan daha mühafizəkar olacaq.

"2023-cü ildə kəsirin ÜDM-in 2022 və 2021-ci illərdə 3,6% və 4,1%-dən (planlaşdırılmış səviyyə) 2,4%-ə qədər azaldılması planlaşdırılır. Qeyd edək ki, 2023-cü il üçün büdcə neftin mühafizəkar qiymətinin 50 dollar/barel proqnozu əsasında tərtib edilib. Eyni zamanda, ABŞ bank sisteminin artan risklərinə görə, bir barelin 78 dollara enməsinə baxmayaraq, "Brent" markalı neftin qiyməti büdcədə nəzərdə tutulan səviyyədən 1,6 dəfə yüksək olaraq qalır. Hesablamalarımıza görə, neftin qiyməti ilin sonuna kimi bu səviyyədə qalsa belə, Azərbaycanın büdcəsi ÜDM-in təxminən 1%-i qədər profisitlə icra oluna bilər", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 5 milyard 877 milyon manatı ötüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz çoxdur.

Dövlət büdcəsinin xərcləri 3,66 milyard manata çatıb ki, bu da 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 36,3 faiz çoxdur.

Beləliklə, 2023-cü ilin fevral ayının sonuna dövlət büdcəsində 2 milyard 217 milyon manat profisit yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti