Bakı. Trend:
Bu ilin 9 ayında Mingəçevir Sənaye Parkında 40,73 milyon manatlıq məhsul istehsal edilib, bunun da 81%-dən çox hissəsi, yəni 33,33 milyon manatlıq hissəsi ixracın payına düşür.
Bu barədə Trend-ə İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) məlumat verilib.
Bildirilib ki, İZİA-nın idarəçiliyində olan Mingəçevir Sənaye Parkında indiyədək 313 milyon manatlıq məhsul istehsal edilib, bunun da 267 milyon manatlıq hissəsi ixrac edilib.
26 hektar ərazini əhatə edən Sənaye Parkının əsas fəaliyyət istiqaməti tekstil və yüngül sənayenin inkişaf etdirilməsidir. Hazırda Parkın 1 rezidenti ("Mingəçevir Tekstil" MMC) var. Fabrikdə Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında "Ring" və "Open End" üsulu ilə iplik istehsal edilir.
İndiyədək Mingəçevir Sənaye Parkına 159 milyon manat investisiya yatırılıb, 500-dən çox daimi iş yeri yaradılıb.
İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, “Made In Azerbaijan” brendi adı ilə Türkiyə, Rusiya və başqa ölkələrə ixrac olunub.