Avqustun 25-də Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Belarusun Azərbaycana yeni təyin olunmuş səfiri Nikolay Pastkeviçlə tanış olub. Trend in xəbər verdiyi kimi, bu barədə DGK-dan məlumat verilib.
İki ölkə arasında ticari-iqtisadi əlaqələrə toxunan A.Əliyev ticarət dövriyyəsinin 2003-cü ilə nisbətən 2,5 dəfə artıdığını, lakin dövriyyənin daha da artırılması üçün imkanların olduğunu qeyd edib. Azərbaycan və Belarus arasında gömrük sahəsində əlaqələr MDB ölkələrinin Gömrük Xidməti rəhbərləri Şurası çərçivəsində inkişaf edir.
A.Əliyev qeyd edib ki, Azərbaycan beynəlxalq əməkdaşlığı inkişaf etdirir. O bildirib ki, gələn ilin fevralında Bakıda saxta dərmanların dövriyyəsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək və tədbirə onun belaruslu həmkarı da dəvət olunub.
Nikolay Pastkeviç qeyd edib ki, Azərbaycanda diplomatik missiyası zamanı o, bütün sahələrdə, o cümlədən gömrük sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələni edəcək.
Görüşdə qarşılıqlı maraq doğuran müxtəlif məsələlər müzakirə mövzusu olub.