...

Bank Respublika FMO-nun 4 mln. USD məbləğində 2-ci kredit tranşını mənimsəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2006 10:44 (UTC +04:00)

Bank Respublika Hollandiya İnkişaf Maliyyə Şirkətinin kredit xətti üzrə ikinci tranşı istifadə edərək 4 mln ABŞ dolları məbləğində kreditlər verib. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

Bu vəsaitlər Azərbaycanın iqtisadiyyatının müxtəlif sektorlarında fəaliyyət göstərən 17 şirkətə verilib. Bu kredit xətti üzrə verilmiş 1 kreditin orta həcmi 235 min ABŞ dolları təşkil edib. Kreditlər 4 ilədək müddətə verilib.

Bank Respublika və FMO arasında 10 mln ABŞ dolları həcmində kredit xəttinin açılması haqqında müqavilə bu ilin 28 avqust tarixində imzalanıb. Bu, Azərbaycanın özəl bank biznesi tarixində ən böyük müqavilələrdən biridir. Bu kredit xətti çərçivəsində Bank Respublika artıq 8,4 mln. ABŞ dolları həcmində kreditlər verib. Bank Respublika FMO xətti ilə kreditlərin verilməsini davam etdirir və tezliklə bu proqram üzrə növbəti tranşın ayrılması gözlənilir.

Bank Respublika həmçinin FMO-nun ticarətin maliyyələşdirilməsi üzrə ayırdığı 2 mln ABŞ dolları məbləğində olan kredit xəttindən də istifadə edir. Beləliklə, Bank Respublika üçün FMO-nun ayırdığı kredit xətlərinin ümumi həcmi 12 mln ABŞ dolları təşkil edir.

Bank Respublika, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı, DEG İnvestisiya Şirkəti, Bankgesellschaft Berlin, Raiffeisen, Commerzbank, Sahibkarlığa Yardım Milli Fondu, Azərbaycan İpoteka Fondu və digər maliyyə təşkilatları ilə əməkdaşlıq edir. Müxtəlif maliyyə institutları tərəfindən Bank Respublika üçün ayrılmış kredit xətlərinin ümumi həcmi 65 mln ABŞ dollarını keçib.

Xəbər lenti

Xəbər lenti