Azərbaycan, Bakı, 06 may/ Trend , müxbir A.Bədəlova/ İsrail təbii qaz tədarükçülərinin sayının artırılmasına səylər göstərir. Platts-ın məlumatına görə, bu barədə Təl-Əvivdə keçirilən konfransda İsrailinin milli infrastruktur naziri Bencamin Ben-Eliezer məlumat verib.
Nazirlik hazırda Britaniya, Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistanla qaz tədarükü ilə bağlı danışıqlar aparır. Ötən həftə İsrailin Milli İnfrastruktur Nazirliyinin Baş direktoru Hezi Kuqler (Hezi Kugler) Azərbaycanda təbii qaz tədarükünə dair danışıqlar aparıb. Danışıqların təfərrüatı açıqlanmır.
Azərbaycan qazı "Şahdəniz" (operator BP) yatağından hasil edir. Azərbaycanın özü, Gürcüstan və Türkiyə qazın alıcıları kimi çıxış edirlər. Qaz Cənubi Qafqaz boru kəməri ilə tədarük edilir. Qaz İsrailə Türkiyə vasitəsilə nəql edilə bilər. Botas şirkəti burada, Ərzurumdakı (Gürcüstan sərhədi yaxınlığında) qazpaylayıcı qovşaqda "Şahdəniz" yatağından hasil edilmiş qazı qəbul edir.
ABŞ-ın Dövlət Energetika İnformasiyası İdarəsinin (EİA) məlumatına görə, Azərbaycan 2006-cı ildə 240 mlrd. kubfut qaz hasil edib. 2005-ci ildə bu rəqəm 205,5 mlrd. kubfut təşkil edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]