...

İrana qarşı ehtimal olunan hücum neft qiymətlərinə güclü zərbə vuracaq - Qərb ekspertləri

Energetika Materials 21 İyun 2008 00:05 (UTC +04:00)
İrana qarşı ehtimal olunan hücum neft qiymətlərinə güclü zərbə vuracaq - Qərb ekspertləri

Azərbaycan, Bakı, 20 iyun / Trend müxbirlər A.Bədəlova, G.Əhmədova/ Avropa Birliyi ölkələri Brüsseldəki ikigünlük sammitdə İranın uranın zənginləşdirilməsinə dair fəaliyyətinin dayandırılması çağırışına mənfi cavab verməsi ilə bağlı dövlətə qarşı yeni sanksiyalar paketini müzakirə edirlər. Bu həftə Böyük Britaniyanın baş naziri Qordon Braun ABŞ prezidenti ilə birgə brifinq zamanı AB ölkələrini İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.

Onun sözlərinə görə, sanksiyalar konkret olaraq ölkənin neft-qaz sektorunu əhatə etməlidir. Lakin AB üzvlərinin bu məsələ ilə bağlı vahid rəyi yoxdur.

Beynəlxalq ekspertlərin AB tərəfindən sanksiyaların tətbiqi məsələsində fikirləri birmənalı deyil. Böyük Britaniyanın The Independent qəzetinin iqtisadi analitiki Şon O`Qreydi hesab edir ki, İrana qarşı sanksiyaların tətbiqi ehtimalı kifayət qədər realdır.

"Lakin bu, vaxt aparacaq. Sanksiyalarla bağlı məsələdə vahid mövqeyə gəlmək üçün AB-yə altı ay, bəlkə də bir il tələb olunacaq", - deyə cümə günü Trend agentliyinə O`Qreydi bildirib.

Analitik qeyd edib ki, AB sanksiyaları tətbiq etməyə hazır deyil. Lakin İran daha qətiyyətli görünür.

O`Qreydinin fikrincə, Tehrana qarşı sanksiyalar Bank Melli Iran-ın aktivlərin dondurulması, İran neft və qazının ixracının məhdudlaşdırılması və bu ölkənin rəsmi şəxslərinin Avropaya səfərlərinə qadağanın qoyulmasını əhatə edəcək.

ABŞ-ın Energy Security Analysis (ESAI) analitik şirkətinin eksperti Endryu Ridin fikrincə, sanksiyalar İranın neft-qaz sektoruna ciddi təsir göstərə bilməyəcəklər.

"ABŞ-ın Tehranı onun nüvə proqramına görə cəzalandırmaq siyasəti ondan ibarətdir ki, Vaşinqton BMT Təhlükəsizlik Şurası çərçivəsindən kənar tərəfdaşlarını Tehrana qarşı sanksiyaları tətbiq etməyə sövq etməkdir. Şuranın daimi üzvləri Rusiya ilə Çin belə təşəbbüsləri o qədər də dəstəkləmirlər", - deyə Trend -a Rid vurğulayıb.

İtaliyanın Bruno Leoni institunun energetika departamentinin direktoru Karlo Staqnaronun (Carlo Stagnaro) fikrincə, AB-nin sözlərinin ardınca sanksiyaların tətbiqi ilə bağlı konkret addımları olmayacaq.

Staqnaro cümə günü Trend -a bildirib ki, AB-nin İrana qarşı sanksiyaları tətbiq etməsi düzgün qərar olmazdır.

"Problem ondan ibarətdir ki, İran dünya neft bazarında sabitliyin qorunmasında əhəmiyyətli rola malikdir. Lakin eyni zamanda siyasi nöqteyi-nəzərdən ölkə düşünülmüş addımlar atmaq iqtidarında deyil. AB-nin siyasəti Tehranın izolyasiyasına yox, qarşılıqlı inteqrasiyanın əldə edilməsinə yönəlməlidir. Dünya ictimaiyyəti İranı qlobal dünyadan itələyib çıxarmamalıdır", - deyə Staqnaro vurğulayıb.

Qərb analitiklərin fikrincə, ABŞ-ın İrana hücüm edəcəyi təqdirdə, neftin qiymətləri xeyli aratacaq.

"Sanksiyalar həmişə neftin qiymətini artırır. Bu, bir daha baş verəcək. Zənnimcə, neftin qiyməti 200 dollaradək (bir barel) yüksələ bilər", - deyə OїQreydi bildirib.

Onun sözlərinə görə, İranla müharibənin baş verəcəyi təqdirdə isə neftin qiyməti 250 dollaradək yüksələ bilər. Qiymət artımı hərbi texnika üçün yanacağa tələbatın artması ilə bağlı olacaq.

"Müharibənin başlayacağı təqdirdə neftin qiymətlərinin nə dərəcədə artacağını çətindir demək. Bu, müharibənin müddəti, neft infrastrukturunun durumu və digər Yaxın Şərq ölkələrin reaksiyasından asılı olacaq. Ancaq qiymətlər şübhəsiz ki, xeyli aratacaq", - deyə Staqnaro qeyd edib.

Məqalə müəllifləri ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar - [email protected]

Xəbər lenti

Xəbər lenti