Azərbaycan, Bakı, 03 oktyabr/ Trend , müxbir S.Əliyev/ Ukrayna və Rusiya 2009 - cu ildə qaz tədarükü ilə bağlı ilkin razılaşmaya nail olublar. Qazın son qiyməti razılaşdırılmasa da, tərəflər enerji sahəsində əməkdaşlıq üzrə memorandum imzalayıblar.
Bu memorandum üç il ərzində bazar qiymətlərinə keçidi nəzərdə tutur. Bundan başqa, Ukraynaya qaz tədarükü vasitəçilərsiz həyata keçiriləcək. Əvvəllər vasitəçi rolunda RosUkrEnergo şirkəti çıxış edib. Beləliklə, tədarük məsələləri Ukraynanın "Ukrayna Naftoqaz"və Rusiyanın "Qazprom"şirkətləri arasında birbaşa həll ediləcək.
Ukraynanın Rusiya ilə qaz üzrə nisbətən asan və sərfəli razılaşmaya nail olması, xüsusilə də Ukrayna hərbi texnikasının Gürcüstana göndərilməsi ilə bağlı iki ölkə arasındakı gərginlik fonunda bir qədər qəribə görünür. Bundan başqa, Ukrayna Baş nazirinin təyyarə ilə bağlı problemə baxmayaraq (Baş nazirin təyyarəsindən prezident Yuşşenko istifadə edib və nəticədə, Timoşenko RF-yə səkkiz nəfərdən ibarət nümayəndə heyəti ilə birlikdə çarter reysi ilə gedib) Moskvaya getməsi, qaz üzrə razılığın əldə olunacağına qəti əminlikdən xəbər verir. Birmənalı şəkildə demək mümkündür ki, Timoşenko siyasi reytinqini qaldıracaq. Bu, xüsusilə də Ukraynadakı hazırkı siyasi böhranda daha çox seziləcək.
Növbəti il üçün Rusiyadan Ukraynaya təchiz edilən qazın qiymətini proqnozlaşdırmaq hazırda çox çətindir. İndi Moskva Orta Asiya qazının min kubmetrini Kiyevə $179,5 -a tədarük edir. Avropaya tədarük edilən xammalın qiyməti min kubmetr üçün $500-ı ötüb.
2007 - ci ildə RosUkrEnergo Ukraynaya 38 milyard kubmetr türkmən, 9 milyard kubmetr özbək və 8 milyard kubmetr qazax qazı tədarük edib və təxminən 10 milyard kubmetr Orta Asiya qazını yenidən ixrac edib. Ötən il sonunda imzalanmış razılaşmaya əsasən, 2008-ci ildə RosUkrEnergo Ukraynaya 55 milyard kubmetr Orta Asiya mənşəli qaz tədarük etməlidir.
Növbəti ildən "Qazprom"un Özbəkistan, Türkmənistan və Qazaxıstandan aldığı Orta Asiya qazının qiymətinin xeyli artacağı da gözlənilir. Rusiya şirkətinin bu ölkələrlə əldə etdiyi razılaşmaya uyğun olaraq, 2009 - cu ildən onlar təbii qazı Avropa qiymətlərinə satmaq niyyətindədirlər. Beləliklə, Ukrayna üçün "mavi yanacağın"son qiyməti Orta Asiya qazının qiyməti dəqiqləşəndən sonra müəyyənləşə bilər.
Bu gün Ukrayna bilavasitə Rusiyadan tədarük edilən qazdan asılıdır. Buna baxmayaraq, Kiyevin Moskvaya təzyiq vasitəsi hələ ki, var. Bu, Ukraynanın Rusiya qazının Avropaya tədarükü üzrə tranzit ölkə rolunda çıxış etməsindən ibarətdir. Lakin RF "Cənub axını"və "Şimal axını"kimi layihələri həyata keçirdikdən sonra, bu təzyiq vasitələrinin təsiri xeyli azalacaq.
Ukrayna ölkəyə enerji resurslarının diversifikasiya edilməsi ilə bağlı istəyini dəfələrlə bəyan edib. Variantlardan biri kimi, "Ağ axın"boru kəməri layihəsi təklif edilib.
Bu marşrut Ukraynanın Baş naziri Timoşenkonun yanvarda Brüsselə səfərində təklif edilib. Layihə qazın Azərbaycandan qaz kəməri vasitəsilə Gürcüstanın Supsa limanına, daha sonra Qara dənizin dibi ilə Krıma - Avropa İttifaqı istiqamətində nəqlini nəzərdə tutur.
Ekspertlərin fikrincə, bu layihənin həyata keçirilməsinə Kiyevin pulu çatmaz. Ekspertlər Aİ və ABŞ-ın Ukrayna təklifininin (Ağ axın) xeyrinə Avropa İttifaqı ölkələrinin layihəsini ("Nabukko") siyasi cəhətdən dəstəkləməsindən imtina etməsinə də şübhə ilə yanaşırlar, belə ki, bu layihənin həyata keçirilməsi texniki baxımdan mürəkkəbdir.
Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyevin əvvəllər bildirdiyinə görə, "Ağ axın"layihəsinin realizəsi üçün onun iqtisadi xeyrini, təhlükəsizliyini, ekoloji təsirini hesablamaq, qaz tədarükünün marşrutunu müəyyənləşdirmək lazımdır; layihənin həyata keçirilməsi üçün, Qara dənizin dibi daxil olmaqla, sualtı boru kəmərləri çəkmək lazımdır.
Nazir hesab edir ki, Azərbaycanın bu marşrut vasitəsilə nəql edilə biləcək kifayət qədər qazı olsa, onda "Ağ axın"layihəsi həyata keçə bilər. Bu, Azərbaycanda yeni qaz yataqları kəşf edildikdən, "Azəri - Çıraq -Günəşli"yatağı və digər mənbələrin dərinliklərində yerləşən qaz ehtiyatları işləndikdən sonra baş verə bilər.