Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir A.Bədəlova/
Avropanın ITGI (Türkiyə - Yunanıstan - İtaliya) kimi boru kəməri layihələrinin inkişafının saxlanması üçün Azərbaycan qazının həcmi kifayətdir. Bu barədə EurActiv xəbərlər saytı layihənin meneceri Elio Ruceriyə istinadən yazır.
"Əgər 2015-ci ilədək Avropada qaza tələbatın aşağı olacağını ehtimal etsək, Azərbaycan regiondan Türkiyə ərazisi ilə yeganə qaz tədarükçüsü ola bilər", - Ruceri Brüsseldə jurnalistlərə deyib.
Ruceri deyib ki, ITGI "Cənub dəhlizinin növbəti mərhələsi olan" "Nabucco" ilə rəqabət aparmır.
Ruceri bildirib ki, ITGI layihəsi dəyər nöqteyi-nəzərindən daha rəqabətqabiliyyətlidir. ITGI layihəsi nümayəndəsinin sözlərinə görə, əgər "Nabucco" qaz kəməri kifayət qədər həcmdə qaz olmadan inşa ediləcəksə və öz gücünün yarısı ilə işləyəcəksə, belə boru kəməri ilə nəql olunan qazın qiyməti istehlakçılar üçün çox yüksək olacaq.
Azərbaycan qazının Yunanıstan və İtaliyaya nəqlini nəzərdə tutan ITGI nəqliyyat dəhlizinə Türkiyənin yenilənmiş boru kəməri infrastrukturu, ITG (Türkiyə - Yunanıstan birləşdirici boru kəməri) və IGI layihələri daxildir. Yunanıstan - İtaliya birləşdirici boru kəməri qazı Xəzər regionundan və Yaxın Şərqdən Türkiyə və Yunanıstan vasitəsilə İtaliya və Qərbi Avropaya nəql etməyə imkan verəcək. Türkiyə - Yunanıstan - İtaliya nəqliyyat dəhlizinin çatışmayan halqasıdır. ITGI-nin ötürmə gücü ildə 12 mlrd kubmetr səviyyəsində planlaşdırılır.
ITGI boru kəməri Azərbaycandan Gürcüstan və Türkiyə vasitəsilə (mövcud Bakı - Tbilisi - Ərzurum boru kəməri) Yunanıstana, sonra isə İtaliyaya keçəcək.
Yunanıstan və İtaliya arasında Adriatik dənizinin dibi ilə qaz kəməri sahəsinin inşasına görə İtaliyanın "Edison" şirkəti məsuldur. Tikinti 2012-ci ilədək başa çatdırıla bilər.
Dəyəri 7,9 mlrd avro olan "Nabucco" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər - 16,67 faiz paya malikdir.