...

"Nabukko" üçün qaz tədarükçüləri layihənin tezliklə reallaşmasını arzulayırlar

Energetika Materials 19 İyul 2010 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir A.Bədəlova/

Qazın Xəzər regionundan Yaxın Şərqə və Aİ ölkələrinə nəqlinə istiqamətlənən "Nabukko" qaz kəməri layihəsinin həyata keçirilməsi ilə əlaqədar olaraq, boru kəməri üçün kifayət qədər qaz həcminin olmaması və layihənin maliyyələşdirilməsi ilə bağlı məsələnin həll edilməməsi haqqında dəfələrlə şübhələr səslənib.

"Nabukko" Avropa İttifaqı üçün prioritet layihədir. Aİ onun həyata keçməsi yolu ilə marşrutların və tədarük mənbələrinin diversifikasiya edilməsi sayəsində öz enerji təhlükəsizliyini artırmağa çalışır. "Nabukko" layihəsi əslində strateji layihədir və Aİ üçün Rusiya qazından asılılığın azaldılması baxımından böyük əhəmiyyət kəsb edir. Bundan başqa, layihə istehsalçı ölkələr üçün də əhəmiyyət kəsb edir. Azərbaycan, Türkmənistan kimi ölkələr üçün layihə ixrac marşrutlarını diversifikasiya etməyə və Avropa bazarına birbaşa çıxışa yola açmağa imkan verir.

Bu layihədə qaz tədarükçülərinin iştirak baxımından maraqları aydındır və onlar heç bir şübhə doğurmur. Layihədə iştiraklarını Azərbaycan, Türkmənistan, hətta Qazaxıstan və siyasi məsələlərə görə qaz kəməri üçün qaz tədarükçüsü hesab edilməyən İran da dəfələrlə bildirib.

Bununla belə, layihə üzrə bəzi məsələlərin həll edilməməsi potensial tədarükçüləri danışıqlara başlamaqdan və səhmdarlarla qaz tədarükü üzrə müqavilələrin bağlanmasından çəkindirir. Azərbaycana dəyəri 7,9 milyard avro olan "Nabukko" layihəsinin səhmdarları ilə danışıqlara başlamaq üçün layihə üzrə son sərmayə qərarının olması vacibdir. Türkmənistan və Qazaxıstana isə əsas mane olan amil Mərkəzi Asiya qazını bu boru kəməri vasitəsilə tədarük etməyə imkan verən zəruri infrastrukturun olmamasındadır.

Ötən həftə Qazaxıstan layihədə iştirakla bağlı marağını yenidən bildirib. Ölkə Prezidenti Nursultan Nazarbayevin sözlərinə görə, Qazaxıstan heç vaxt "Nabukko" layihəsinə qarşı olmayıb, lakin Avropa İttifaqı layihənin həyata keçməsi üçün danışıqlardan başqa heç nə etmir. "Ölkənin layihədə iştirakı üçün qaz kəmərini Qafqaz vasitəsilə Xəzər dənizinin dibindən çəkmək lazımdır", - Qazaxıstan Prezidenti qeyd edib.

Nazarbayevin bu sözlərini layihənin həyata keçirilməsi prosesinin sürətləndirilməsinə edilən cəhd kimi qiymətləndirmək olar.

"Nabukko" qaz kəməri üzrə Mərkəzi Asiya qazının nəqli ilə bağlı qərarlardan biri, uzunluğu 300 km olan, tikintisi Xəzər dənizinin dibi ilə nəzərdə tutulan Transxəzər qaz kəmərinin tikintisidir. Bu günədək bu boru kəmərinin tikintisi Xəzər dənizinin statusunun həll edilməməsi ilə əlaqədar yubanır.

Xəbər lenti

Xəbər lenti