...

"Azəriqaz" İB 2013-cü ilin sonunadək abonentləri smart-sayğaclarla təmin edəcək

Energetika Materials 15 Aprel 2011 14:33 (UTC +04:00)
2013-cü ilin sonunadək ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi Bakı və ətraf qəsəbələrdə smart kart tipli qaz sayğaclarının quraşdırılmasını başa çatdırmağı planlaşdırır.
"Azəriqaz" İB 2013-cü ilin sonunadək abonentləri smart-sayğaclarla təmin edəcək

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir E.İsmayılov/

2013-cü ilin sonunadək ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi Bakı və ətraf qəsəbələrdə smart kart tipli qaz sayğaclarının quraşdırılmasını başa çatdırmağı planlaşdırır. Bu barədə cümə günü jurnalistlərə İB-nin şöbə müdiri Xəyal Ağamirov deyib.

Onun sözlərinə görə, smart kart tipli sayğacların bir sıra üstünlükləri var. İlk növbədə onlar istifadə edilən qaza görə nağdsız hesablaşma aparmağa imkan verir.

"Sayğac quraşdırılarkən balansa 1-2 manat məbləğdə kredit qoyulur. Ödəniş vaxtı yaxınlaşanda sayğac bir neçə gün əvvəldən bu barədə məlumat verir. Müddət başa çatanda qazın verilməsi dərhal dayandırılmır. Bir neçə gün ərzində qaz abonentə debitor borcu kimi verilir", - Ağamirov qeyd edib.

O, qeyd edib ki, hazırda İB-nin abonentlərinin sayı Naxçıvan Muxtar Respublikasını çıxmaq şərtilə, 1,3 milyon təşkil edir.

Bakı və Abşeron yarımadasının qazlaşdırılması, qaz paylayıcı sistemin tamamilə yenidən qurulması üzrə işlər çərçivəsində qazın verilməsinə avtomatlaşdırılmış nəzarət sisteminin quraşdırılması planlaşdırılır.

"Bakının qaz paylayıcı sisteminin yenidən qurulması və inkişafı layihəsi böyük layihədir və onun həyata keçirilməsi xeyli vaxt tələb edir. Layihə çərçivəsində müasir texnologiyaların tətbiqi planlaşdırılır", - Ağamirov qeyd edib.

Xəbər lenti

Xəbər lenti