...

"Nabukko"nun iştirakçı ölkələri layihəyə dəstəyi təsdiq etməyə hazırdırlar

Energetika Materials 23 May 2011 19:17 (UTC +04:00)
İyunda Türkiyədə "Nabukko" qaz kəməri layihəsinin dəstəklənməsi haqqında sazişlərin imzalanması mərasimi olacaq.
"Nabukko"nun iştirakçı ölkələri layihəyə dəstəyi təsdiq etməyə hazırdırlar

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir A.Bədəlova/

İyunda Türkiyədə "Nabukko" qaz kəməri layihəsinin dəstəklənməsi haqqında sazişlərin imzalanması mərasimi olacaq. Bu barədə Trend-ə elektron poçtla layihədə kommunikasiyalar üzrə ekspert Qabriel Eqartner deyib.

Onun sözlərinə görə, layihənin dəstəklənməsi üzrə sazişlər NABUCCO Gas Pipeline GmbH şirkəti və layihənin beş tranzit ölkəsinin (Avstiya, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə) müvafiq nazirlikləri arasında imzalanacaq.

"Layihənin konsorsiumu təsdiq edir ki, dəstək haqqında sazişlər üzrə danışıqlar başa çatıb və sənədlər imzalanacaq. Konsorsium bu sazişləri layihənin həyata keçirilməsi yolunda mühüm addım hesab edir", - Eqartner qeyd edib.

Onun sözlərinə görə, bu sazişlər hökumətlərarası sazişlərlə yanaşı, dövlətlərin "Nabukko" layihəsinə mühüm dəstəyidir.

"Bu sazişlər boru kəmərinin aidiyyəti ölkələrdə tikintisi və uzunmüddətli istifadəsi üçün praktiki aspektləri və standartları müəyyənləşdirir", - Eqartner vurğulayıb.

İllik gücü 31 milyard kubmetr olan "Nabukko" qaz kəməri layihəsi Xəzər regionu və Yaxın Şərqdən qazın Aİ ölklərinə tədarükünü nəzərdə tutur.

Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Mayın əvvəlində "Nabukko" konsorsiumu layihənin həyata keçirilməsi müddətinin təxirə salındığını elan edib. İndi boru kəmərinin tikintisi 2013-cü ilə nəzərdə tutulub. Kəmərlə ilk tədarüklər isə 2017-ci ildə gözlənilir.

Xəbər lenti

Xəbər lenti