...

Türkiyədə "Nabukko" layihəsinə dəstək üzrə saziş imzalanıb

Energetika Materials 8 İyun 2011 17:08 (UTC +04:00)
"Nabucco Gas Pipeline International Gmbh" "Nabukko"nun tranzit ölkələri ilə layihənin dəstəklənməsinə dair saziş imzalayıb.
Türkiyədə "Nabukko" layihəsinə dəstək üzrə saziş imzalanıb

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir A.Bədəlova/

"Nabucco Gas Pipeline International Gmbh" "Nabukko"nun tranzit ölkələri ilə layihənin dəstəklənməsinə dair saziş imzalayıb.

Beş ölkənin aidiyyəti nazirlikləri ilə sazişlərin imzalanması (Avstriya, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə) Türkiyənin Kayseri şəhərində baş tutub. Trend-in məlumatına görə, bu barədə "Nabucco Gas Pipeline International" şirkətinin çərşənbə günü yaydığı məlumatda deyilir.

"Nabucco Gas Pipeline International"ın idarəedici direktoru Reynhard Mitçekin sözlərinə görə, layihənin dəstəklənməsinə dair sazişin imzalanması "Nabukko" üçün mühüm mərhələdir və tranzit ölkələrin hökumətləri ilə əməkdaşlığı möhkəmləndirir.

Bu gün "Nabukko"nun Siyasi komitəsinin ilk iclası da keçirilib. Komitə tranzit ölkələr arasında səmərəli əlaqələndirməni həyata keçirəcək, - o bildirib.

Komitənin vəzifəsinə 2009-cu ildə layihənin tranzit ölkələri ilə imzalanan hökumətlərarası sazişlərin icrası məsələsi və "Nabukko" nun dəstəklənməsinə dair sazişlər daxil olacaq. Bundan başqa, komitənin vəzifəsinə iştirakçı ölkələrin layihə ilə bağlı istənilən digər problemləri də daxil olacaq.

Bu gün "Nabukko" layihəsinin dəstəklənməsinə dair imzalanan sazişlərin əsas elementi Aİ və Türkiyənin energetika qanunvericiliyinə uyğun sərfəli nizamlayıcı tranzit rejiminin təsdiq edilməsi, boru kəmərinin qanunvericilkdə əvvəlcədən edilən potensial dəyişikliklərdən qorunması, eləcə də layihənin gələcəkdə həyata keçirilməsi üçün qanunvericilik və inzibati hərəkətlərin dəstəklənməsidr.

İllik gücü 31 milyard kubmetr olan "Nabukko" qaz kəməri layihəsi Xəzər regionu və Yaxın Şərqdən qazın Aİ ölklərinə tədarükünü nəzərdə tutur.

Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Mayın əvvəlində "Nabukko" konsorsiumu layihənin həyata keçirilməsi müddətinin təxirə salındığını elan edib. İndi boru kəmərinin tikintisi 2013-cü ilə nəzərdə tutulub. Kəmərlə ilk tədarüklər isə 2017-ci ildə gözlənilir.

Xəbər lenti

Xəbər lenti