Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir A.Bədəlova/
ITGI (Türkiyə-Yunanıstan-İtaliya) qaz kəməri Azərbaycan qazının ölkədə hasilat üçün nəzərdə tutulan müddətə uyğun Avropaya nəqli üçün həqiqətən həyata keçirilə biləcək yeganə layihədir. Bunu ABŞ-da yerləşən və energetika sənayesində ixtisaslaşan "PFC Energy" müstəqil dünya konsaltinq şirkəti bəyan edib. Trend-in məlumatına görə, bu barədə ITGI layihəsinin səhmdarlarından biri olan Yunanıstanın DEPA şirkətinin məlumatında deyilir.
DEPA-nın "PFC Energy"nin "Avropa Cənub Dəhlizi: o hansı formanı alacaq?" adı ilə aparılan araşdırmalarına istinadən məlumatına görə, "Nabukko" kimi iri layihə 2020-ci ildən sonra və vəziyyətdən asılı olaraq həyata keçirilə bilər.
Şirkətin apardığı araşdırmalar "Cənub qaz dəhlizi" layihəsinin inkişafına potensial təsir göstərə bilən faktlara, daha dəqiq desək, Azərbaycanda yaxın 10 ildə gözlənilən qaz hasilatına, "Cənub dəhlizi"nin açacağı boru kəmərinin yığım kriteriyalarına, texniki hazırlıq səviyyəsinə, kommersiya qabiliyyətinə və tədarüklərin təhlükəsizliyinə əsaslanır.
Araşdırmaya əsasən, Avropaya qaz nəqli üçün çoxsaylı müxtəlif mənbələrlə (Azərbaycan, Türkmənistan, İran, İraq) çoxlu layihələr rəqabət aparır. Lakin yalnız bircə mənbə - Azərbaycanın "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsində hasil olunan qazdan 2020-ci ilədək istifadə etmək mümkün olacaq.
"Az qaz həcminin olması o deməkdir ki, hazırda yalnız bir boru kəməri layihəsi həyata keçirilə bilər", - araşdırmada deyilir.
"PFC Energy"nin fikrincə, Azərbaycanın yatağından əlavə qaz həcmlərini istifadə etdikdən sonra Balkan ölkələrini interkonnektor kimi birləşdirən bir sıra kəmərlərə "Nabukko" qoşula bilər.
Ererji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir.
"Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).
ITGI nəqliyyat dəhlizi Türkiyənin yenilənmiş boru kəməri infrastrukturunu, eləcə də ITG və IGI layihələrini (Türkiyə-Yunanıstan birləşdirici boru kəməri) özündə birləşdirir.
"Edison" və "Depa" şirkətləri tərəfindən Yunanıstan-İtaliya kəmərinin işlənməsi və tikintisi üçün "Poseidon" adı ilə tanınan "IGI Poseidon S.A" şirkəti yaradılıb. ITGI qaz kəmərinin planlaşdırılan buraxılış qabiliyyəti ildə 11,8 milyard kubmetr təşkil edir. Bunun 3,6 milayard kubmetrini Yunanıstan, qalan hissəsini isə İtaliya almaq niyyətindədir.