...

Azərbaycanda ilk hibrid elektrik stansiyasının tikintisi sentyabrda tamamlanacaq

Energetika Materials 1 Sentyabr 2011 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir A.Axundov/

Sentyabrda Azərbaycanın ilk hibrid elektrik stansiyasının tikintisi başa çatacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycan Sənaye və Energetika Nazirliyinin İnvestisiya və sənayə obyektlərinin yenidən qurulması şöbəsinin müdiri Ramiz Rzayev deyib.

O bildirib ki, hibrid elektrik stansiyasının tikintisi Qobustanda aparılır. Burada külək elektrik stansiyaları, günəş modulları və bioloji kütlədən elektrik enerjisi istehsal edən qurğular işləyəcək. Stansiyasının istehsal gücü 5,5 meqavat olacaq.

Rzayev deyib ki, poliqondan əsasən pilot layihələrin həyata keçirilməsi üçün istifadə ediləcək.

Hazırda Azərbaycanda külək enerjisindən istifadə üzrə pilot layihələr həyata keçirilir.

"Caspian Technologies" özəl şirkəti Yaşma ərazisində hər biri 52 metr hündürlükdə olan 850 kilovat gücündə iki külək elektrik stansiyası quraşdırıb. Orada istehsal olunan elektrik enerjisi artıq ümumi enerji sisteminə ötürülür", - o deyib.

Rzayevin sözlərinə görə, eyni ərazidə 550 kilovat gücündə bənzər qurğu da var ki, ondan mütəxəssislər üçün təlimlər keçirmək məqsədilə istifadə olunur.

"Bununla yanaşı, müxtəlif yerlərdə kiçikhəcmli külək elektrik enerjisi qurğularının quraşdırılmasına başlanıb. Eyni zamanda, istirahət zonalarında və xüsusi evlərdə günəş enerjisi hesabına isti su ilə təmin üzrə ayrı-ayrı pilot layihələr də həyata keçirilir", - Rzayev bildirib.

Xəbər lenti

Xəbər lenti