...

2010-cu ildə Azərbaycanda enerji resurslarından istifadə 15 milyon tonu ötüb

Energetika Materials 17 Sentyabr 2011 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir E.İsmayılov/

2010-cu ildə Azərbaycanın neft və qaz hasilatı müəssisələri məhsul istehsalını 26,3 faiz artırıblar. Bu barədə Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan Azərbaycanın enerji balansında deyilir.

"Ötən il 2009-cu ildəki 16,42 milyard manata qarşı 20,74 milyard manatlıq məhsul istehsal olunub", - məlumatda deyilir.

Ötən il neft və qaz hasilatı müəssisələrinin ümumi sayı 2009-cu ildəki 81 ədədə qarşı 82 ədəd təşkil edib.

Enerji balansında bildirildiyinə görə, ötən il 9 müəssisə tərəfindən ümumi məbləği 2,16 milyard manat olan neft məhsulları istehsal olunub. 2009-cu ildə 1,85 milyard manatlıq neft məhsulları istehsal olunub.

Eləcə də, ötən il elektrik enerjisi və qazın istehsalı və paylanması ilə məşğul olan 226 müəssisə 1,23 milyard manatlıq məhsul istehsal edib. 2009-cu ildə bu rəqəm 1,15 milyard manat (230 müəssisə) olub.

Ötən ilin yekunları üzrə enerji resurslarının istehlak həcmi 15,7 milyon tona yaxın olub. 2009-cu ildə bu rəqəm 15,8 milyon tondan çox olub. Habelə 2010-cu ildə yanacağın möhkəm növünün istehlakının ümumi həcmi neft ekvivalentində 98,4 min ton, neft - 6,55 milyon ton, qaz- 8,7 milyon tondan çox, bərpa olunan enerji mənbələri - 296,4 min ton olub.

Ötən il Azərbaycanda enerji resurslarının ümumi istehlakında nisbətən daha çox xüsusi çəki qazın payına düşür. Qazdan istifadənin xüsusi çəkisi 55,7 faiz, neft - 41,8 faiz, bərpa olunan enerji mənbələri üzrə - 1,9 faiz, enerji resurslarının bərk növləri üzrə 0,6 faiz təşkil edir.

Xəbər lenti

Xəbər lenti