...

Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə sazişdə dəyişikliklər edilib - Türkiyənin energetika naziri

Energetika Materials 29 Oktyabr 2011 12:07 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında imzalanan enerji sazişləri paketi çərçivəsində Azərbaycan neftinin Türkiyə ərazisindən nəql edildiyi Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə sənəddə dəyişikliklərin edilməsinə dair saziş də var.
Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə sazişdə dəyişikliklər edilib - Türkiyənin energetika naziri

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir S.Əliyev/

Azərbaycan və Türkiyə arasında imzalanan enerji sazişləri paketi çərçivəsində Azərbaycan neftinin Türkiyə ərazisindən nəql edildiyi Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə sənəddə dəyişikliklərin edilməsinə dair saziş də var. Trend-in şənbə günü "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

"Sazişə edilən dəyişikliklər Türkiyəyə 3,7 milyard dollar əlavə gəlir gətirəcək. Halbuki əvvəlki sazişə əsasən, Türkiyənin zərərləri 1 milyard dollar təşkil etməli idi", - Yıldız bildirib.

Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə sazişə dəyişikliklər edilməsi haqqında danışıqlar çoxdan aparılır. Danışıqların təşəbbüskarı kimi boru kəmərinin Türkiyə ərazisindəki operatoru "BOTAŞ International Limited" (BIL) çıxış edib.

BIL-in əsas zərərləri şirkətin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin nasos stansiyalarında istifadə etdiyi "Şahdəniz" yatağındakı qazın qiymətinin artmasından sonra yaranıb.

Yıldızın dediyinə görə, qazın qiymətinin artması səbəbindən təkcə BIL-in zərərləri ildə 30 milyon dollar təşkil edir. Danışıqlar zamanı BIL üçün tədarük edilən qazın qiymətinin aşağı salınması barədə razılıq əldə edilib. Bundan başqa,Türkiyə şirkətinin 100 milyon dollarlıq xərcləri kompensasiya ediləcək.

Oktyabrın 29-na olan məlumata görə, 2006-cı il iyunun 2-dən başlayaraq "Ceyhan" neft terminalından Türkiyə şirkətinə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə təxminən 1,3 milyard barel neft yüklənib.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanıb.

"BTC Co"nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); "Chevron" (8,90 faiz); "Statoil" (8,71 faiz); ТРАО (6,53 faiz); "Eni" (5 faiz ); "Total" (5 faiz); "Itochu" (3,40 faiz ); "Inpex" (2,50 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Amerada Hess" (2,36 faiz).

Xəbər lenti

Xəbər lenti