...

Beş il ərzində Dövlət Neft Fondunun aktivləri 50 milyard dollara çatacaq

Energetika Materials 10 Noyabr 2011 20:48 (UTC +04:00)
Növbəti beş il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 50 milyard dollara qədər artacaq.
Beş il ərzində Dövlət Neft Fondunun aktivləri 50 milyard dollara çatacaq

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir İ.Xəlilova/

Növbəti beş il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 50 milyard dollara qədər artacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Fondun icraçı direktoru Şahmar Mövsümov Rusiyanın "Moskovskiy komsomolets" qəzetinə müsahibəsində deyib.

"Neft xammalı üzrə mövcud qiymətlərin və cari il səviyyəsi üzrə Fondun gəlirlərinin qorunması şərti ilə proqnozlaşdırmaq olar ki, növbəti beş il ərzində Neft Fondunun aktivləri 50 milyard dollara qədər artacaq", - Mövsümov bildirib.

Neft Fondu təsis edilərkən aktivlərin həcmi 271 milyon dollara bərabər olub. 2008-ci ildə bu məbləğ artıq 10 milyard dolları ötüb, 2010-cu ilin yekunları üzrə isə 20 milyard dollar təşkil edib. ARDNF rəhbərinin sözlərinə görə, son üç il ərzində Fondun aktivləri təxminən 10 dəfə artıb.

Oktyabrın 1-nə olan vəziyyətə görə, ARDNF-in aktivləri bu ilin əvvəli ilə müqayisədə (22 milyard 766,8 milyon dollar) 41,6 faiz artaraq 32 milyard 242,5 milyon dollar təşkil edib.

"Neft Fondunun nizamnaməsinə əsasən, Fondun yaradılmasında əsas məqsədlərdən biri Azərbaycanda strateji əhəmiyyətli infrastrukturların və sosial istiqamətli layihələrin maliyyələşdirilməsini təmin etmək olub. Son 10 il ərzində mövcud layihələrə təxminən 2,8 milyard manat xərclənib" , - Mövsümov deyib.

ARDNF-dən dövlət büdcəsinə transfertlər şəklində 20 milyard manat köçürülüb, onların hesabına dövlət investisiya proqramları həyata keçirilir.

Neft Fondunun rəhbərinin sözlərinə görə, Fonddan ilk xərclər qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsinə yönəldilib.

Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi Neft Fondu tərəfindən maliyyələşdirilən infrastruktur layihələrə daxildir. "Bu, region ölkələrinin tranzit potensialının artırılmasına, Azərbaycanın dünya iqtisadiyatına gələcək inteqrasiyası prosesinin sürətləndirilməsinə xidmət edəcək", - Mövsümov deyib.

Bir əsr boyunca Abşeron yarımadasında su təminatı ilə bağlı ciddi problem mövcud olub. "Bu problemin həlli üçün biz su borularının və suvarma sistemlərinin tikintisinə vəsait ayırırıq", - o bildirib.

ARDNF vəsaitləri hesabına, həmçinin, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" maliyyələşdirilir. "Qiymətləndirmələrimizə görə, bu ilin sonunadək xaricdə təhsil alan və Fond tərəfindən maliyyələşdirilən tələbələrin sayı 1100-ü keçəcək", - Mövsümov deyib.

Onun sözlərinə görə, xarici ali məktəblərə daxil olan istedadlı gənclər üçün misilsiz şərait budur ki, həmin tələbələr Vətənə qayıtmalı və minimum 5 il işləməlidirlər.

Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb. Fondun əsas məqsədləri bunlardır: iqtisadiyyata mənfi təsirlərin minimallaşdırılması məqsədilə Fondun vəsait və aktivlərini xaricdə yerləşdirməklə müəyyən dərəcədə "holland sindromu"nun qarşısını almaq, vəsaitlərin gələcək nəsillər üçün toplanmasını təmin etmək və ölkədə cari sosial-iqtisadi prosesləri dəstəkləmək.

Xəbər lenti

Xəbər lenti