Azərbaycan, Bakı, 6 fevral / Trend müxbir E.İsmayılov/
Yanvarda "Azərenerji" ASC (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) tərəfindən 2,2 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. 2011-ci ilin yanvarında bu göstərici 1,9 milyard kilovat-saat təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ASC-nin yaydığı məlumatda deyilir.
Ötən il "Azərenerji"nin müəssislərində 2010-cu ildəki 18,4 milyard kilovat-saata qarşı 20 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub.
Məlumatda deyildiyi kimi, bu ilin yanvarında istehsal olunmuş elektrik enerjisinin ümumi həcmindən 2 milyard kilovat-saatdan çoxu istilik elektrik stansiyalarının, yerdə qalan 0,2 milyard kilovat-saata yaxını su elektrik stansiyalarının payına düşüb.
Bununla yanaşı, bu müddətdə Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstan ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.