...

Bakıda yeni Neft-Qaz emalı və Neft-Kimya Kompleksinin təqdimatı keçirilir (FOTO)

Energetika Materials 10 Aprel 2012 17:17 (UTC +04:00)
Bakıda çərşənbə axşamı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təşəbbüsü ilə yeni Neft-Qaz emalı və Neft-Kimya Kompleksinin (NQNK) yaradılması layihəsinin təqdimatına və müzakirəsinə həsr olunmuş forum öz işinə başlayıb.
Bakıda yeni Neft-Qaz emalı və Neft-Kimya Kompleksinin təqdimatı keçirilir (FOTO)

Fotolar əlavə olunub

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir Ə.Həsənov/

Bakıda çərşənbə axşamı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təşəbbüsü ilə yeni Neft-Qaz emalı və Neft-Kimya Kompleksinin (NQNK) yaradılması layihəsinin təqdimatına və müzakirəsinə həsr olunmuş forum öz işinə başlayıb.

NQNK Forumunun təşkilatçıları qismində "Iteca Caspian" və "INBC Consulting" şirkətləri çıxış edirlər. Tədbirə informasiya dəstəyi isə Trend İnformasiya Agentliyi, habelə "Day.az" və "Milli.az" informasiya portalları tərəfindən təmin olunur.

Forumun məqsədi bir çox şirkətlərə, o cümlədən potensial lisenziarlara, mühəndis-layihələndirmə, təchizat, tikinti və digər podratçı şirkətlərə, texnoloji proseslər üzrə məsləhətçilərə, neftin emalı və neft emalı və neft-kimya məhsullarının istehsalı qurğularının dünya üzrə məşhur istehsalçılarına, habelə maliyyə strukturları, hüquq ekspertləri və ekoloji məsələlər üzrə məsləhətçilərə, neft emalı və neft-kimya məhsullarının alıcılarına, loqistika (maddi-texniki təchizat), servis və digər şirkətlərə sözügedən layihə haqqında məlumat verməkdir.

Forumda aşağıdakı məsələlər müzakirə edilir:

- Regional enerji layihələrində Azərbaycan amili;
- Qlobal layihələrdə texnoloji aspektlər;
- Enerji layihələrinin maliyyə-iqtisadi aspektləri;
- NQNK və digər enerji layihələrinin hüquqi, təşkilatı və başqa aspektləri;
- İrimiqyaslı layihələrin reallaşdırılması və idarə edilməsi ilə bağlı məsələlər;
- Belə komplekslərin tikintisi və istismarında beynəlxalq və yerli təcrübə.

Layihə ilə tanış olmaq imkanı ilə yanaşı, həmin Forum dünyanın qabaqcıl şirkətlərinə (rəhbərlik və digər yüksək rütbəli nümayəndələr səviyyəsində) neft-qaz emalı və neft-kimya sahəsindəki təcrübələrini, texnologiyaları və digər resursları və innovasiya xarakterli həll variantlarını təqdim etmək üçün unikal imkan yaradır. Forumun sonuncu günü - aprelin 12-də ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Tədbirə birbaşa dəstəyi Forumun baş sponsoru olan ARDNŞ göstərir. Tədbirin sponsorları arasında Foster Wheeler, UOP, Technip, Baker & McKenzie, Andrade Gutierrez, Axens, Nobel Oil, OMNI Law Firm, Technicas Reunidas, Air Products, SOCAR Energy Georgia, Stamicarbon, Azenco, Air Liquide, Petkim, IntraTool və başqaları var.

NQNK layihəsi çərçivəsində illik istehsal gücü müvafiq olaraq 10 milyon ton və 10 milyard kubmetr təşkil edən neft emalı və qaz emalı zavodlarının tikintisi planlaşdırılır. Layihəyə, həmçinin hər il təxminən 2 milyon ton baza polimerlərin istehsalını nəzərdə tutan neft-kimya zavodunun inşası daxildir. Yeni kompleksin məqsədləri üçün avtonom enerji blokuna malik olan ümumzavod təsərrüfatının tikintisi planlaşdırılır. Bütövlükdə isə kompleksin konfiqurasiyasına 20-dən çox texnologiya lisenziyasının tətbiqi ilə təxminən 30 qurğu daxil olacaq.

Bakı şəhərindən 60 kilometr aralıda yerləşəcək kompleksin bütövlükdə 2020-ci ilin sonunda istismara verilməsi planlaşdırılır.

Texniki iqtisadi əsaslandırmaya əsasən, layihənin ümumi dəyəri təxminən 15 milyard ABŞ dolları civarında qiymətləndirilir və ilkin hesablamalara əsasən, layihə kommersiya baxımından cəlbedici sayılır.

Qoyulan vəsaitlərin özünü ödəmə müddəti isə təxminən 7-8 il təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti