...

"Azərikimya"nın gənc mütəxəssisi Fransa Sənaye İnstitutunun magistraturasına qəbul olunub

Energetika Materials 17 May 2012 18:53 (UTC +04:00)
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin gənc kimyaçı-mühəndisi Qadir Əliyev Fransa Sənaye İnstitutunun magistraturasına qəbul olunub.
"Azərikimya"nın gənc mütəxəssisi Fransa Sənaye İnstitutunun magistraturasına qəbul olunub

Azərbaycan, Bakı, 17 may /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin gənc kimyaçı-mühəndisi Qadir Əliyev Fransa Sənaye İnstitutunun magistraturasına qəbul olunub.

İB-dən cümə axşamı Trend-ə verilən məlumata görə, 2009-cu ildə Sumqayıt Dövlət Universitetinin kimya-texnologiya fakültəsini, daha sonra Bakı Dövlət Universitetinin magistraturasını kimyaçı-mühəndis ixtisası üzrə bitirmiş gənc mütəxəssis 2011-ci ilin fevralında test üsulu ilə imtahan verərək "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda işə qəbul edilib.

"EP-300" istehsalatının piroqazın sıxılması və təmizlənməsi sexində aparatçı kimi əmək fəaliyyətinə başlayaraq, öz kimyaçı peşəsinə ürəkdən bağlılığı və marağı, istedadı, işə ciddi və məsuliyyətli münasibəti, texnoloji prosesləri praktik olaraq daha mükəmməl öyrənməsi sayəsində artıq 3 aydan sonra ona məsul vəzifə - növbə rəisi vəzifəsi etimad edilib.

Kimya elminə və istehsalatına olan dərin marağı Qadir Əliyevi bu sahə üzrə elmi-texniki yeniliklərlə daha geniş tanış olmaq üçün yalnız azərbaycanca və rusca nəşr olunmuş ədəbiyyatlardan deyil, həm də xarici ədəbiyyatdan istifadə etmək zərurəti yaratdığından o, ingilis dilini fərdi surətdə və mükəmməl öyrənməyə nail olub. Çalışdığı sexin istehsalat göstəricilərinin daha da yaxşılaşdırılması üçün daim səylə çalışmış Əliyev kimya sahəsində əldə etdiyi elmi bilikləri daha da zənginləşdirməyi və bu biliklərdən maksimum səmərə ilə istifadə etməyi qarşısına məqsəd qoyaraq, təhsilini davam etdirmək qərarına gəlib və bir müddət əvvəl müvəffəqiyyətlə imtahan verərək Fransa Sənaye İnstitutunun kimya istehsalatı üzrə magistraturasına qəbul olunub. O, burada təhsilini ARDNŞ-nin dəstəyi ilə davam etdirəcək.

Qadir Əliyev kimyanın sevərək bağlandığı bir ixtisas olduğunu, bu peşəni özünün seçdiyini və kimyaçı-mühəndis kimi peşəsindən xüsusi qürur duyduğunu söyləyərək, bütün əmək fəaliyyətini Azərbaycanda kimya sənayesinin inkişafı, onun dünya kimya sənayesi kompleksində öz mövqeyini daha da möhkəmləndirməsi üçün istedad və bacarığını əsirgəməyəcəyini, buna görə də ikinci dəfə magistratura təhsilini başa vurduqdan sonra yenidən Vətənə, artıq onun üçün doğma olan "Azərikimya"ya qayıdacağını bildirib.

Xəbər lenti

Xəbər lenti