...

BP TANAP-da 12 faiz pay almaq niyyətini təsdiqləyir

Energetika Materials 9 Noyabr 2012 17:07 (UTC +04:00)
BP şirkəti Trans Anadolu qaz kəməri layihəsində (TANAP) ona ARDNŞ-nin təklif etdiyi 12 faiz payı almaq barədə əvvəl elan edilən niyyətini təsdiqləyir və bu məsələ ilə bağlı danışıqları davam etdirir.
BP TANAP-da 12 faiz pay almaq niyyətini təsdiqləyir

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbirlər A.Tağıyeva, E.İsmayılov/

BP şirkəti Trans Anadolu qaz kəməri layihəsində (TANAP) ona ARDNŞ-nin təklif etdiyi 12 faiz payı almaq barədə əvvəl elan edilən niyyətini təsdiqləyir və bu məsələ ilə bağlı danışıqları davam etdirir. Bu barədə Trend-ə cümə günü şirkətdən bir qədər əvvəl Türkiyə mətbuatında BP-nin bu ölkədəki nümayəndəsi Bad Fakrellə istinadən BP-nin əvvəl göstəriləndən daha çox pay almaq niyyəti ilə bağlı yayılan məlumatı şərh edərkən bildiriblər.

Şirkətdən deyildiyinə görə, Fakrellin sözləri KİV-də yanlış verilib.

Cümə günü "BP-Azerbaijan" şirkətindən Trend-ə bildirilib ki, şirkət Azərbaycan qazının Avropaya nəqli layihəsinin hər bir seqmentində iştirak etmək niyyətindədir. BP Cənubi Qafqaz qaz kəmərində 25,5 faizlik iştirak payına malikdir. İştirakın belə həcmi onu qane edir və şirkət həcmi artırmaq fikrində deyil.

TANAP layihəsində şirkət 12 faizlik iştirak payı üzrə danışıqlar aparır.

Türkiyədən Avropaya qaz tədarükünə gəldikdə, şirkət "Nabucco West" və Transadriatik qaz kəməri ilə danışıqları davam etdirir.

Bu gün "Şahdəniz" layihəsi üzrə tərəfdaşlar Azərbaycan qazının Avropaya nəql edilməsinin iki - "Nabucco West" və "Transadriatik boru kəməri" (TAP) mümkün layihəsini nəzərdən keçirir. Bu layihələrə marşrutun seçimi haqqında növbəti ilin mayına qərar qəbul etmək üçün vahid seçim meyarları üzrə baxılır.

TANAP layihəsi Türkiyənin şərq sərhədindən ölkənin qərb sərhədinə qədər qaz kəmərinin tikintisini nəzərdə tutur. Həmin kəmərlə Azərbaycan qazı "Şahdəniz" yatağından Türkiyə vasitəsilə Avropaya gətiriləcək.

Xatırladaq ki, iyunun 26-da Azərbaycan və Türkiyə TANAP layihəsinin reallaşdırılmasına dair hökumətlərarası müqavilə imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti