Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir S.Əhmədova/
Sentyabrın 3-də Böyük Britaniyanın Avropa üzrə naziri, millət vəkili Devid Lidinqton Birləşmiş Krallıq parlamentinin İcmalar Palatasında çıxışı zamanı "bp" şirkətinin rəhbərlik etdiyi "Şahdəniz" konsorsiumunun Xəzər qazının Avropanın mərkəzinə nəqlinə dair planlarını dəstəklədiyini bəyan edib. Bu barədə Trend-ə Avropa Azərbaycan Cəmiyyətindən bildiriblər.
Məlumatda qeyd olunur ki, millət vəkili, Britaniya parlamentində bütün partiyalar üzrə (APPG) Azərbaycan dostluq qrupunun rəhbəri, parlamentin Enerji komitəsinin üzvü Kristofer Pinçerin suallarını cavablandıran Devid Lidinqton bir neçə gündən sonra Azərbaycana səfər edəcəyi barədə də məlumat verib. Avropa üzrə nazir rəsmi Londunun "bp"nin rəhbərlik etdiyi qaz konsorsiumunun fəaliyyətini alqışladığını dilə gətirib. Lidinqton əmin olduğunu vurğulayıb ki, bu, artıq ölkələrimiz arasında mövcud olan geniş əlaqələri daha da inkişaf etdirəcək.
Kristofer Pinçerin təşkil etdiyi görüşdən sonra Böyük Britaniya parlamentindəki bütün partiyalar üzrə Azərbaycan dostluq qrupunun üzvləri Londonda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Böyük Britaniya parlamentindəki bütün partiyalar üzrə Azərbaycan dostluq qrupunun 80-dən artıq üzvü var və o, Avropa Azərbaycan Cəmiyyəti, həmçinin bu qrupun katiblik funksiyasını yerinə yetirir.
Görüşdə "bp"nin rəhbərlik etdiyi "Şahdəniz" konsorsiumu və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) iyunun 30-da Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisinə dair imzaladıqları hökümətlərarası sazişə müxtəlif şərhlər verilib. Sözügedən kəmər vasitəsilə Xəzər qazı Türkiyə, Yunanıstan və Albaniya ərazilərindən keçməklə İtaliyaya çatdırılacaq. Hesablamalara görə, 2019-cu ildən sonra TAP ildə 20 mlrd. kubmetr qaz nəql edəcək ki, bu da öz növbəsində uzaq məsafədə yerləşən Rusiya qaz mənbələrinin təchizatının müxtəlifliyini və Avropanın enerji təhlükəsizliyini təmin edəcək.
Azərbaycan İqtisadi və Sosial İnkişaf Mərkəzinin verdiyi məlumata görə, 2013-cü ilin ilk rübü ərzində Böyük Britaniya Azərbaycanın birbaşa xarici investisiyasında 44,1 faiz paya sahib olub. Hesablamalara görə, hazırda Azərbaycanda 3500-4000 britaniyalı yaşayır və 300-ə yaxın Böyük Britaniya şirkəti fəaliyyət göstərir.