Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir R.Hafizoğlu/
Arbitraj məhkəməsində qazın qiyməti ilə bağlı Türkiyənin İrana qarşı iddiası təmin edilərsə, ölkə bundan 2 milyard dollardan çox vəsait qazana bilər. Bunu Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin "Hürriyət" qəzeti xəbər yayıb.
Nazirin sözlərinə görə, Ankara Arbitraj məhkəməsinin Türkiyənin xeyrinə qərar çıxaracağına ümid edir.
2012-ci ilin martında Ankara Beynəlxalq Arbitraj Məhkəməsinə İran qazının qiyməti məsələsi ilə bağlı müraciət edib.
İrandan Türkiyəyə hər il 10 milyard kubmetr qazın tədarükü haqında saziş 1996-cı ildə imzalanıb.
Qazın qiymətləri rəsmən açıqlanmasa da, Türkiyə KİV-in məlumatına görə, ölkə İran qazının hər min kubmetri üçün 490 dollar ödəyir.