...

Etilen-polietilen zavodunda növbəti əsaslı təmir işlərinə hazırlıq gedir

Energetika Materials 4 Aprel 2014 17:23 (UTC +04:00)
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda bir neçə gündən sonra növbəti əsaslı təmir işlərinə başlanacaq.
Etilen-polietilen zavodunda növbəti əsaslı təmir işlərinə hazırlıq gedir

Azərbaycan, Bakı, 4 aprel /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda bir neçə gündən sonra növbəti əsaslı təmir işlərinə başlanacaq.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, müəssisənin EP-300, "Polimir-120" istehsalatlarında, həmçinin buxar və elektrik enerjisi istehsalatında planlaşdırılan təmir işlərindən öncə qurğu və avadanlıqlar təftiş olunub, qüsurlar cədvəli hazırlanıb. Bütün sexlər üzrə təmir planı təsdiq edilib, təmirdə iştirak edəcək işçilər əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə təlimatlandırılıb, fərdi mühafizə vasitələri ilə təmin olunublar. Artıq müəssisənin EP-300 və "Polimir-120" istehsalatlarında texnoloji proseslərin yüksək məhsuldarlıqla aparılmasında mühüm rol oynayan avadanlıq və cihazlar təftiş edilib, müvafiq sex və qurğular, nasos parkı və xidmət meydançaları təmir işlərinə hazır vəziyyətə gətirilib.

Təmir zamanı buxar və elektrik enerjisi istehsalatında yağ turbinlərinin dəyişdirilməsi, yarımstansiyalarda, avtomat idarəetmə və rele-mühafizə, habelə kanalizasiya sistemlərində çatışmazlıqların aradan qaldırılması və bir sıra sexlərdə ehtiyac duyulan izolyasiya işlərinin aparılması nəzərdə tutulur. Təmir üçün lazım olan bütün ehtiyat hissələri Rusiya, Almaniya və Yaponiyadan sifariş əsasında gətirilib. Təmir işlərinə müəssisənin bütün təmirçiləri, həmçinin Təmir-tikinti İdarəsinin aparıcı təmir briqadaları səfərbər olunub, Birliyin Nəqliyyat və xüsusi texnika İdarəsinin ehtiyac duyulan maşın və mexanizmləri cəlb edilib.

Görüləcək əsaslı təmir işləri hesabına müəssisənin texniki-iqtisadi göstəriciləri xeyli yaxşılaşacaq, məhsul itkisinin qarşısı alınacaq və enerjidaşıyıcılara əhəmiyyətli dərəcədə qənaət olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti