Azərbaycan, Bakı, 12 noyabr /Trend/
"İmzalanan sazişlər həm Macarıstanın, həm də Azərbaycanın maraqlarına xidmət edir. Eyni zamanda, imzalanmış bu sənədlər Avropa İttifaqının da maraqlarına uyğundur. Çünki 1996-cı ildən etibarən Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq sazişləri imzalanmışdır. Daha sonra bu sazişlər bir neçə dövlət tərəfindən ikitərəfli əsasda yenilənmişdir. Bunların sayəsində Azərbaycan ilə çox uğurlu əməkdaşlıq həyata keçirilir". Trend-in məlumatına görə, bunu noyabrın 11-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib.
Viktor Orban daha sonra deyib: "Çox şadam ki, Macarıstan da həmin Avropa İttifaqı dövlətlərinin sırasındadır və ölkələrimiz arasında uğurlu əməkdaşlıq davam edir. Ölkələrimiz arasında bənzərliklər çoxdur. Biz Azərbaycanı çox dəyərli bir tərəfdaş kimi qiymətləndiririk. Çünki Azərbaycan Avropa və Asiya arasında böyük bir körpüdür. Azərbaycan enerji resurslarından səmərəli istifadə yolu ilə iqtisadiyyatının digər sahələrini də uğurla inkişaf etdirərək dünya liderinə çevrilmiş bir ölkədir. Burada Azərbaycanı ona görə vurğulamaq istərdim ki, ölkənin Prezidenti böyük işlər görüb. Eyni zamanda, cənab Prezidentin mərhum atası da dövlətçiliyin gücləndirilməsində böyük işlər görüb. Azərbaycana səfər edən hər bir insan bunun şahidi olur. Onun xatirəsinə böyük və dərin ehtiramımız vardır. Cənab Prezident, ölkələrimiz arasında imzalanmış sənədlər iqtisadi inkişaf baxımından çox gözəl şərait yaradır. Bu gün mən onu qeyd edə bilərəm ki, bu il Macarıstanda iqtisadi artımı üç faiz təşkil edir. Təbii ki, Azərbaycan dövlətinin başçısının yanında bu rəqəmlərlə öyünmək bir az çətindir. Biz belə bir razılığa gəldik ki, hər iki ölkə dinamik şəkildə inkişaf edir və qarşılıqlı tələbatı nəzərə alaraq müxtəlif sahələri daha da inkişaf etdirə biləcəyik. Ticarət dövriyyəsi artmaqdadır. Amma qeyd etmək istərdim ki, potensialımız daha böyükdür. Bu gün imzaladığımız sənəd bizdə böyük ümid doğurur ki, gələcək illərdə də əməkdaşlığımıza çox güclü bir təkan veriləcəkdir. Mən cənab Prezidentə təşəkkürümü bildirmək istərdim ki, Macarıstana özü ilə işgüzar dairələrin nümayəndələrindən ibarət böyük bir nümayəndə heyəti gətirib".
Onun sözlərinə görə, Azərbaycan və Macarıstanın xüsusi əhəmiyyət verdiyi sahələrdən biri enerjidir: "Bu, hazırda dünya siyasətinin prioritet məsələlərindən biridir. Bu sahədə bir çox müzakirələr aparılır, amma zənnimcə, konkret işlər görən ölkələr azdır. Bu sahədə Azərbaycan nümunə ola bilər. Mən cənab Prezidentə bir daha dedim ki, ölkə üçün bizim prioritetimiz enerjinin qiymətini ABŞ səviyyəsinə çatdırmaqdan ibarətdir. Bunun üçün isə bizim tərəfdaşlara ehtiyacımız var və burada Azərbaycan müstəsna rol oynaya bilər. Bu, bizim strateji maraqlarımıza uyğundur. Bu, təkcə Macarıstan üçün deyil, Avropa İttifaqı üçün çox vacibdir ki, Azərbaycan qazı Avropaya nəql edilsin. Hazırda imzalanan sazişlər nəticəsində Azərbaycan qazı Cənubi Avropaya nəql ediləcəkdir. Növbəti illərdə isə müvafiq infrastruktur yaradılmalıdır ki, Azərbaycan qazı Mərkəzi Avropaya yol tapsın. Bunun üçün qonşu dövlətlər öz aralarında əlaqələndirici kəmərlər inşa etməlidirlər. Bu sahədə Avropa İttifaqı olduqca az iş görüb. Amma biz nümunəvi ölkə olmalıyıq və qonşu ölkələrdən qaz ala biləcəyimizi nümayiş etdirməliyik. Bunun üçün isə biz bütün imkanlardan və fürsətlərdən istifadə edəcəyik. Diqqətinizə çatdırmaq istərdim ki, bu regionda heç də bütün dövlətlər bizim kimi düşünmür. Bizim bir neçə qonşumuz var ki, hələ də bu sahədə müvafiq şərait və imkanlar yarada bilməyib. Bunu etmədən biz Azərbaycan qazını Macarıstana nəql edə bilməyəcəyik. Ona görə də bu fürsətdən istifadə edərək qonşu dövlətlərə səslənirəm və Avropa İttifaqındakı tərəfdaşlarımızı dəvət edirəm ki, vahid enerji bazarının yaradılması üçün zəruri addımlar atsınlar. Xanımlar və cənablar, burada ikinci məsələ isə insan amilidir. Bizim əməkdaşlığımızın tərkib hissələrindən biri də təhsil sahəsidir. Biz müvafiq sənəd imzaladıq və bunun sayəsində 200 azərbaycanlı tələbə Macarıstanda təhsil alacaqdır. Biz paytaxtlar arasında da əməkdaşlığı təşviq etmək əzmindəyik. Bu gün bizim çox ümidverici müzakirələrimiz oldu. Əminəm ki, vahid məqsədləri vurğulamış olduq. Bizim məqsədlərimizin biri isə Macarıstan universitetlərindən birinin fakültəsinin Azərbaycanda açılmasıdır. Bizim ali təhsil ocaqlarımız bu işdə azərbaycanlı həmkarları ilə çalışmağa hazırdır. Bir sıra digər sahələr də müəyyən etmişik. Hər iki hökumətin üzvlərinə müraciət edərək onları bu işdə əllərindən gələni əsirgəməməyə dəvət edirəm. Çünki biz iqtisadi və təhsil sahələrində bütün imkanlardan bəhrələnə bilsək, bir çox işləri görmüş olarıq".
Viktor Orban: Azərbaycan enerji resurslarından səmərəli istifadə yolu ilə dünya liderinə çevrilmiş bir ölkədir
“İmzalanan sazişlər həm Macarıstanın, həm də Azərbaycanın maraqlarına xidmət edir"