Azərbaycan xəbərlər xidməti
Səba Ağayeva - Trend:
Azərbaycan regionun iqtisadi və siyasi lideri qismində özünü təsdiq etmiş istənilən ölkə kimi, hazırda əməkdaşlığının coğrafiyasını genişləndirir. Ölkə üçün ən perspektivli bazarlardan biri Avropadır. Avropada Azərbaycana etibarlı strateji müttəfiqlər lazımdır. Belə müttəfiqlərdən biri Macarıstandır.
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri zamanı imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə bunun təsdiqidir.
İlham Əliyev qeyd edib ki, strateji tərəfdaşlıq haqqında bəyannamə Avropa İttifaqı və Azərbaycan arasında gələcəkdə mümkün sazişlər üçün də gözəl zəmindir.
Yaxın illərdə Azərbaycan və Avropanı birləşdirəcək əsas layihə birmənalı olaraq "Cənub Qaz Dəhlizi" olacaq. Bu layihə Azərbaycana öz qazını Avropaya tədarük etməyə, Aİ-yə isə enerjidaşıyıcıların alternativ tədarük marşrutlarını əldə etməyə imkan verəcək ki, bu da onun enerji təhlükəsizliyini yüksəldəcək. "Cənub Qaz Dəhlizi" istehsalçıların, tranzit ölkələrin və istehlakçıların birgə əməkdaşlığının nəticəsidir. Lakin Azərbaycan Prezidentinin qeyd etdiyi kimi qarşıya qoyulan məqsəd - 2018-2019-cu illərdə Avropaya qaz tədarükü üçün böyük əlaqələndirici iş lazımdır. Bu prosesdə Macarıstanın köməyi çox vacib olacaq.
Bu baxımdan Macarıstanın Baş naziri Viktor Orbanın bəyanatı nümunəvidir. O qeyd edib ki, Mərkəzi Avropaya qaz tədarük etmək üçün müvafiq infrastruktur yaradılmalıdır. Bunun üçün qonşu ölkələr öz aralarında birləşdirici boru kəmərlərini çəkməlidirlər.
Baş nazir deyib: "Avropa İttifaqı bu sahədə çox az iş görüb. Lakin biz nümunəvi dövlət olmalı və nümayiş etdirməliyik ki, qonşu ölkələrdən qaz ala bilərik. Bizim bir neçə qonşumuz var. Onlar hələ də bu sahədə müvafiq şərait və imkanlar yarada bilməlidirlər. Bu, olmadan Azərbaycan qazını Macarıstana nəql edə bilmərik".
V.Orban qonşu ölkələri və Aİ üzrə tərəfdaşları vahid enerji bazarını yaratmaq üçün zəruri addımlar atmağa çağırıb.
Baş nazirin bu bəyanatı Aİ və Azərbaycana münasibətdə son iqtisadi hadisələr fonunda xüsusilə aktualdır. Bir müddət əvvəl Aİ ARDNŞ-nin Yunanıstanın qaz nəqli operatorunun 66 faizlik payını əldə etməsi üzrə 400 milyon dollarlıq sövdələşmənin daha dəqiq yoxlanışı barədə bəyanat verdi. Aİ-nin fikrincə, sövdələşmə Yunanıstan bazarında rəqabət səviyyəsini azalda bilər. Bununla da Avropa bir tərəfdən Azərbaycan qazını almaq istəyini bildirir, digər tərəfdən Azərbaycanı öz qaz bazarına buraxmaq barədə sonadək qərar qəbul etməyib.
Buna görə də Baş nazirin Avropanın vahid enerji bazarının yaradılması üçün zəruri addımlar haqqında bəyanatı tədarükçülər üçün daha dəqiq şərtlərin müəyyənləşdirilməsi zəruriliyi və müvafiq olaraq onların qoyuluşlarının zəmanəti kimi başa düşülə bilər.
Üstəlik, təkcə "Cənub Qaz Dəhlizi" layihəsi 45 milyard dollar dəyərində qiymətləndirilir.
İlham Əliyevin dediyi kimi, dünyada və Avropada, regionumuzda davam edən iqtisadi və maliyyə böhranı hələ başa çatmayıb: "İndiki şəraitdə belə vəsaitlərin qoyuluşu əlbəttə ki, ciddi niyyətimizi və siyasi iradəmizi əks etdirir".