...

BVF: Bu il neftin qiymətində ciddi dəyişiklik olmayacaq

Energetika Materials 4 İyun 2015 18:02 (UTC +04:00)
2015-ci il ərzində neftin qiymətində ciddi dəyişiklik olmayacaq. Trend-in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan missiyasının rəhbəri Raca Almarzoqi deyib.
BVF: Bu il neftin qiymətində ciddi dəyişiklik olmayacaq

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Azad Həsənli/

2015-ci il ərzində neftin qiymətində ciddi dəyişiklik olmayacaq. Trend-in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan missiyasının rəhbəri Raca Almarzoqi deyib.

O, hesab edir ki, 2019-cu ilə kimi dünya bazarında qara qızılın qiyməti 75-79 ABŞ dolları civarında dəyişəcək.

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "Qafqaz və Orta Asiya üzrə regional iqtisadi perspektivlər" mövzusu üzrə çıxışında R.Almarzoqi qeyd edib ki, bu il ərzində dünya bazarlarında təbii qaz, metallar və qida məhsullarında ucuzlaşma tendensiyası davam edəcək.

BVF missiyasının rəhbəri bunun əsas səbəbini şist nefti hasilatında və xam neftə tələbatın azalmasında görüb.

Ekspert region iqtisadiyyatında baş verən proseslərə də münasibətini bildirib. O, qeyd edib ki, neftin qiymətinin düşməsi iqtisadi inkişaf üçün risklər yaradıb. Xüsusən də Rusiya iqtisadiyyatında son ilərdə baş verən tənəzzül prosesi regional idxal-ixrac əməliyyatlarına ciddi təsir göstərir. ABŞ-ın pul siyasəti, xüsusilə, dolların möhkəmlənməsi də öz təsirini göstərir.

Onun sözlərinə görə, region ölkələrində xərclərin tənzimlənməsi, özəl sektora diqqətin artırılması və stimullaşdırılmasına ehtiyac var.

R.Almarzoqi ortamüddətli iqtisadi inkişafa nail olmaq üçün pul siyasətində sərtləşdirmə, çevik məzənnə, maliyyə sabitliyi, struktur islahatlarının aparılmasını, xidmət sektorunun təkmilləşdirməsini tövsiyə edib.

ADİU rektoru, professor Ədalət Muradov isə qeyd edib ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları ölkə iqtisadiyyatının, xüsusilə də xidmət sektorunun sonrakı inkişafına töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti