Azərbaycan, Bakı, 8 sentyabr /Trend/
Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycanda səfərdə olan San-Marinonun xarici işlər naziri Paskal Valentini ilə görüş keçirib.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, R.Abdullayev Azərbaycan iqtisadiyyatında SOCAR-ın rolu, ölkəmizdə həyata keçirilən neft-qaz layihələri, xüsusilə Xəzər dənizində hasil edilən təbii qaz həcmlərinin Avropaya ixracı məqsədilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi barədə ətraflı məlumat verib, bu layihələrin Avropa ölkələri üçün əhəmiyyətindən danışıb.
Ətraflı məlumata görə təşəkkürünü bildirən qonaq San-Marinonun hazırda nefti və qazı İtaliya şirkətlərindən aldığını diqqətə çatdırıb və Cənub Qaz Dəhlizinin işə düşməsində maraqlı olduqlarını bildirib. Enerji məsələlərinin qlobal əhəmiyyət daşıdığını qeyd edən nazir Avropa ölkələrinin bu layihə vasitəsilə alternativ qaz mənbələri əldə edəcəyini və Cənub Qaz Dəhlizinin enerji mənbələrinin diversifikasiyasında mühüm rol oynayacağını vurğulayıb. O, Azərbaycana səfərindən xoş təəssüratlar aldığını söyləyib, Azərbaycan Respublikasının Prezidenti ilə görüşündə ikitərəfli münasibətlərin genişləndirilməsi haqqında ətraflı fikir mübadiləsi aparıldığını qeyd edib.
SOCAR prezidenti Azərbaycan barədə xoş sözlərinə görə qonağa təşəkkürünü bildirib.
Görüşdə Azərbaycan və San-Marino arasında bütün sahələrdə, xüsusilə enerji sferasında əməkdaşlığın inkişafı ilə bağlı digər məsələlər də müzakirə olunub.