...

Natiq Əliyev: Hazırda Azərbaycan üçün enerjinin istehsalı və paylanmasında itkilərin azaldılması prioritetdir (FOTO)

Energetika Materials 8 Fevral 2017 16:22 (UTC +04:00)

Bakı. Trend:

Energetika Nazirliyində İsveçin Azərbaycandakı səfiri İnqrid Tersmanla energetika naziri Natiq Əliyev arasında görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan-İsveç əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğulayan energetika naziri iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən bəhs edib.

N.Əliyev Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin Xəzər regionunu dünyanın diqqət mərkəzinə çevirdiyini, Bakı -Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri və “Cənub Qaz Dəhlizi “ layihəsi ilə dənizlərin və ölkələrin birləşdiyini, əməkdaşlıq formatlarının yarandığını diqqətə çatdırıb. “Bizim üçün vacib məsələ Azərbaycan təbii qazını Avropaya çatdırmaqdır” deyən nazir bu məqsədlə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. O, layihənin vaxtında başa çatdırılmasına və ortaya çıxan çətinliklərin aradan qaldırılmasına 23 fevralda Bakıda keçiriləcək Məşvərət Şurasının növbəti iclasında nazirlərin görüşünün töhfə verəcəyini deyib. Bildirilib ki, strateji əhəmiyyəti təkcə Azərbaycan, Türkiyə və ümumilikdə regionla məhdudlaşmayan bu layihə ölkəmizin enerji daşıyıcılarının şaxələndirilməsi siyasətinə xidmət etməklə yanaşı, həm də mürəkkəb geosiyasi şəraitdə Avropanın qaz asılılığından xilasına hesablanmış alternativ enerji mənbəyi kimi diqqət mərkəzindədir. N.Əliyev Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağı ilə yanaşı, “Abşeron” yatağı nümunəsində zəngin qaz resurslarına malik olduğunu bildirib. Gələcəkdə əlavə qaz həcmlərinin “Cənub Qaz Dəhlizi“ layihəsi vasitəsilə uğurla ixrac edilə biləcəyini deyib.

“Azərbaycan 2050-ci ilədək neft-qaz sahəsində fəaliyyəti daha da gücləndirəcək proqramlara malikdir” deyən nazir beynəlxalq şirkətlərlə də əməkdaşlıq müddətinin uzadıldığını diqqətə çatdırıb.
N.Əliyev hazırda Azərbaycan üçün enerjinin istehsalı və paylanmasında yol verilən itkilərin azaldılmasının prioritet olduğunu diqqətə çatdıraraq bu istiqamətdə İsveç təcrübəsindən bəhrələnməyin və əməkdaşlıq etməyin vacibliyini bildirib.

Azərbaycanı Avropa üçün vacib ölkə hesab edən səfir İ.Tersman isə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yeni inkişaf səviyyəsini təmin edəcək tədbirlərin həm də İsveçlə ikitərəfli münasibətlərin genişlənməsinə təsir göstərəcəyini vurğulayıb. Səfir ölkəsinin daha çox bərpa olunan enerji sahəsinə investisiya qoyuluşunu həyata keçirdiyini vurğulayaraq, Azərbaycanda bu istiqamətdə görülən işlər və beynəlxalq şirkətlərin iştirakı ilə maraqlanıb.

Görüşdə həmçinin iki ölkə arasında enerji sahəsi də daxil olmaqla iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün biznes nümayəndələri arasında əlaqələrin artırılmasının, forumların keçirilməsinin və bu sahədə yeni imkanların araşdırılmasının zəruriliyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bu gün Energetika naziri N.Əliyev Mərakeşin ölkəmizdəki səfiri Məhəmməd Adil Embarşı da qəbul edib.

N.Əliyevlə keçirilən görüşdə iki ölkə arasında siyasi əlaqələrin inkişaf səviyyəsindən, Mərakeşin beynəlxalq qurumlarda Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsindən məmnunluq ifadə edilib. İkitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti barədə söhbət açılıb.

N.Əliyev müxtəlif dinlərin və mədəniyyətlərin qarşılıqlı anlaşma şəraitində mövcud olduğu Azərbaycanın mədəniyyətlərarası dialoq, tolerantlıq ünvanı kimi tanındığını, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilməsinin də mədəniyyətlər və dinlərarası dialoqa töhfə veriləcəyini bildirib. O, bu siyasətin islam ölkəsi kimi Mərakeşlə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığını vurğulayıb.

Azərbaycanın həm də enerji ölkəsi kimi tanındığını qeyd edən nazir neft-qaz sahəsində əldə edilmiş nailiyyətlər, həyata keçirilən qlobal layihələr, neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsində qazanılmış yüksək təcrübədən bəhs edib. Natiq Əliyev Azərbaycanın Mərakeşin enerji sektorunda iştirak edərək bu təcrübəni bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.

Səfir Məhəmməd Adil Embarş isə öz nöbəsində bildirib ki, Azərbaycanla enerji əməkdaşlığının inkişafına nail olmaq əsas hədəflərdəndir. O, ölkəsinin əsas məqsədinin külək enerjisi, hidroenergetika, o cümlədən günəş enerjisi kimi bərpa olunan enerji mənbələrini inkişaf etdirmək və 2030-cu ilə kimi bərpa olunan enerjidən istifadəni 52 faizə çatdırmaqdan ibarət olduğunu bildirib.

Səfir dünyanın ən böyük günəş enerji mərkəzi olan Faza I, Faza II və Faza II Noor stansiyalarının tikintisi, 2020-ci ildə 2000 meqavat elektrik enerjisinın əldə edilməsini nəzərdə tutan külək enerjisi və 2280 meqavatlıq hidroenergetika strategiyaları barədə ətraflı məlumat verib. Mərakeşlə Nigeriya arasında təbii qaz boru kəməri layihəsindən də danışan səfir SOCAR-la əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

N.Əliyev ötən ilin noyabrında Qərbi Afrika ölkələrinin yanacaq-enerji kompleksləri arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı iqtisadİ əməkdaşlığın təmin edilməsi məqsədilə Burkino Faso və Beninə səfər çərçivəsində SOCAR-la əməkdaşlıq əlaqələrinin qurulmasını xatırladıb. Mərakeşlə də oxşar əməkdaşlıq münasibətlərinin formalaşdırılması üçün birgə tədbirlərin keçirilməsi və enerji sahəsində Anlaşma Memorandumu kimi sənədlərin hazırlanması və qəbulunun vacibliyini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti